Valideynlərin diqqətinə: Uşaq yalan danışırsa...

Yalan biz, valideynlərə, təsir edir. Yalan danışan uşaqla dil tapmaq çox çətindir. Başa düşmək lazımdır ki, bu yalanlar tamamilə təbii şəkildə meydana çıxır. Uşaq başa düşür ki, ata və anasına müəyyən sirlərini desə, onların qanı qaralacaq, odur ki, bu sirləri onlardan gizləməyi üstün tutur. Uşağın bunları düşünməsi təbii bir haldır və problemlərdən qaçmaq üçün bu yola əl atmaq üçün çox uzaqgörən olmaq lazım deyil.

Daha maraqlısı isə odur ki, yaradılışımız etibarilə bu vəziyyətdən də çıxmaq bacarığına malikik. Əgər hər şey qaydasında gedərsə, qarşılıqlı münasibətlər qurmaq bacarığının inkişafının son mərhələlərində uşaq sizə öz ürəyini verdikdə (bu isə, təqribən 5 yaşda baş verir), ürəyində olanları sizinlə bölüşmək istəyi əmələ gəlir. Beləliklə, bu həqiqətən də qarşılıqlı münasibətlərdən asılı olan bir məsələdir: uşaq istəyir ki, onu tanısınlar, eşitsinlər, istəyir ki, o sizə açıq olsun. Uşaq artıq onu sizdən ayıracaq sirlərinin olmasını istəmir. O hətta özü istəmədən belə bütün sirlərini sizə açıb deməyə meylli olur. Ata və ananın onun sirlərini öyrənməyəcəyini düşünmək ona çox ağır gəlir. Bu, yeniyetməlik dövrünə möhtəşəm bir hazırlıqdır.

Təsəvvür edin ki, uşağınız sizə o qədər bağlıdır ki, o sizə həyatında baş verən hər bir məsələ barədə danışmaq istəyir. Bu o demək deyil ki, uşağınız mələkdir. Lakin, heç olmasa onun qəlbindəki şeytani niyyətlərdən xəbəriniz olar və bu çətinliklərlə daha asan şəkildə baş edə bilərsiniz. Cəmiyyətimizin problemi ondadır ki, uşaqları valideynləri ilə dərin bağlar bağlamır. Biz, uşaqlarımızın asanlıqla və qorxmadan bizə öz ürəklərini açmalarına və qəlblərindəki sirrlərini bölüşməyə şərait yaratmırıq.

Uşaqlar üçün yalan – əxlaq və ya davranış problemi deyil. Yalanın öhdəsindən birbaşa gəlmək mümkün deyil. Bu problem, münasibətlərdən asılıdır və eynilə evli cütlüklər, dostlar arasındakı münasibətlərdə olduğu kimi həll olunmalıdır. Münasibətlərimiz tanınmaq, eşidilmək, heç bir ayırıcı sirlərə malik olmayacaq qədər dərin olduqda, hər şey öz-özünə qaydasına düşür.

Müəllif: Qordon Nyufeld
Mənbə: «Что делать, если ребёнок лжёт?»
Tərcümə edən: Xumar Ərşadlı

Bütün xəbərlər Facebook səhifəmizdə