Pişiklərin qeyri-adi xüsusiyyətləri qədim zamanlardan məlumdur. Qədim Misirdə pişiyə Ay ilahəsi, o cümlədən məhəbbət, sevinc, məhsuldarlıq və analıq ilahəsi olan Bastın təcəssümü kimi sitayiş edirdilər. İnanclara görə, pişiyi incitmək olmaz, çünki etdiyin pislik mütləq qarşına çıxacaqdır. Təsadüfən pişiyi öldürmüş bir misirlinin ölüm cəzasına məhkum edilməsi barədə tarixi fakt mövcuddur. İlahənin qəzəbindən, gələcək nəsillərin bu qəzəbin qurbanı olacağından ehtiyat edən ən yaxın qohumları belə ondan üz döndərmişdilər.

İlahə Bastı adətən pişik, yaxud pişikbaşlı qadın şəklində təsvir edirdilər. Bu da təəccüblü deyildir. Axı, zərif cinsin nümayəndələri və bu tüklü məxluqlar arasında cazibədarlıq, intuisiya kimi ümumi cəhətlər vardır. Müşahidələr göstərmişdir ki, uzun müddət pişiklərlə ünsiyyətdə olmuş qadınların xasiyyəti dəyişir, duyğuları artır. Pişik sahibəsinin emosional əhval-ruhiyyəsinə yaxşı təsir göstərir.

Buna baxmayaraq, hələ ötən əsrin əvvəllərində psixoloqlar tənha qadınlara pişik saxlamağı məsləhət görmürdülər. Pişiklər “ailə illüziyası” yaratdığı üçün gənc xanımlar evdə qalırlar. Bu mehriban, yumşaq məxluqun qayğısına qalan qadın yarını axtarmağa çalışmır. Üstəlik, pişiklər sahibələri ilə evlənmək istəyən namizədlərə qısqanclıqla yanaşırlar.

Pişiyin psixoterapevtik xüsusiyyətlərini nəzərə alan müasir alimlər isə əksinə, əsl səadəti dadmaq üçün qadınlara pişik saxlamağı tövsiyə edirlər. İstəkli dostuna bənzəməyə çalışan qadın özünü daha sərbəst aparır, onun özünə inamı artır və istər-istəməz kişilərin diqqətini cəlb edir.

Bütün xəbərlər Facebook səhifəmizdə