Səhiyyə sahəsində aparılan islahatlar insanların sağlamlığına xidmət edir

Azərbaycanda səhiyyə sistemində aparılan uğurlu islahatlar nəticəsində tibb müəssisələrinin maddi texniki bazası və kadr potensialı gücləndirilib, bütövlükdə səhiyyə sahəsində böyük nailiyyətlər əldə edilib. Müxtəlif səhiyyə müəssisələrinin, o cümlədən xəstəxanaların, müalicə-diaqnostika, reabilitasiya mərkəzlərinin, poliklinikaların inşası həyata keçirilib, səhiyyə ocaqları əsaslı təmir olunub və lazımi avadanlıqla təmin edilib. Azərbaycanda səhiyyənin inkişafı istər yeni tibb ocaqlarının inşasında, istər mövcud xəstəxana və tibb mərkəzlərinin bərpasında, istərsə də tibb müəssisələrinin ən müasir avadanlıqla təchiz edilməsində özünü daha qabarıq biruzu verir. Bütün bunlar sübut edir ki, Azərbaycan vətəndaşlarının hərtərəfli tibbi xidmətlə təmin edilməsi istiqamətində icra olunan layihələri dövlətimizin başçısı daim nəzarətdə saxlayır. Bu layihələr, eyni zamanda, vətəndaşlarımızın məhz ölkəmizdə yüksək səviyyəli tibbi xidmətlərdən yararlanması ilə bağlı görülən mühüm işlərin davamlı olduğunu göstərir.

Səhiyyə sahəsində aparılan islahatların davamı olaraq icbari tibbi sığortanın tətbiqi hökumətin səhiyyə sahəsində apardığı islahatların tərkib hissəsidir. İcbari tibbi sığortaya keçid ölkə vətəndaşlarının tibbi xidmətlərə əlçatanlığını artırır. İcbari tibbi sığorta müasir və keyfiyyətli tibbi xidməti təmin edən səhiyyənin maliyyələşdirilməsinin yeni formasıdır. Bu sistemin, sonradan genişləndirilə biləcək baza zərfi çərçivəsində həyata keçirilməsi nəzərdə tutulur.
2017-ci ilin yanvarından etibarən ölkəmizdə icbari tibbi sığortanın pilot layihə şəklində həyata keçirilməsinə başlanmışdır. Pilot layihə ilk olaraq Mingəçevir şəhəri və Yevlax rayonunun ərazilərini əhatə etmiş, 2018-ci ildən etibarən isə Ağdaş rayonunun ərazisində də tətbiq edilmişdir. Əhalisi 340 min nəfər təşkil edən pilot ərazilərdə sığorta olunanlar və 30 minə yaxın məcburi köçkün baza zərfi çərçivəsində ödənişsiz tibbi xidmətlərlə təmin edilmiş və əhalinin səhiyyə xərcləri ilə bağlı maliyyə yükü əhəmiyyətli dərəcədə azaldılmışdır.
Qeyd edək ki, icbari tibbi sığortanın baza zərfinə 18 növ ilkin səhiyyə xidməti, 6 növ təcili və təxirəsalınmaz yardım xidməti, 480 növ ambulator, 677 stasionar, 459 laborator, 166 növ həyati vacib, dəyəri yüksək olan xidmətlər daxil edilir. Bu zaman təcili və təxirəsalınmaz tibbi xidmət bütün əhali üçün pulsuz olmaqla, sığorta tələb edilmədən dövlət tərəfindən təklif ediləcək. Baza zərfinə daxil edilən həyati vacib, dəyəri yüksək tibbi xidmətlər müəyyənləşdirilərkən ölüm səbəbləri arasında öndə gedən xəstəliklər nəzərə alınıb. Belə ki, qapalı və açıq ürək əməliyyatları, o cümlədən stend qoyulması, damar əməliyyatları sığorta paketinə daxil edilib, çünki ürək-damar xəstəlikləri ölüm səbəbləri arasında yüksək yer tutur.
Pilot ərazilərdə adambaşına düşən səhiyyə xərci kapital qoyuluşlar nəzərə alınmaqla 114 manat, böyük kapital qoyuluşlar nəzərə alınmamaqla 93 manat civarında təşkil edir. Ödənişsiz tibbi xidmətlərlə təmin edilmiş əhalinin səhiyyə xərcləri ilə bağlı maliyyə yükü xeyli azaldılıb və baza zərfi çərçivəsində əhali tərəfindən birbaşa çəkilən xərclər 100 faiz həcmində aradan qaldırılıb.
Sığorta növünün tətbiqinin yalnız səhiyyə deyil, eyni zamanda digər sektorlara o cümlədən əhalinin xərclərinin strukturuna da müsbət təsirləri var. İcbari sığortanın tətbiq edilməsi səhiyyənin maliyyələşdirmə bazasını dəyişməklə bu sahədəki neqativ halların azaldılmasına səbəb olacaq. Bu, vətəndaşların səhiyyə xərclərinin azalması səbəbindən pullarına qənaət etməsinə və o cümlədən az təminatlı və ya işsiz statusu olan insanların səhiyyə xidmətindən yararlanmasına imkan yaradacaq.
İcbari tibbi sığorta xəstəliklərin erkən mərhələdə aşkar edilməsində, daha ağır mərhələyə keçidinin qarşısının alınmasında, ən ucqar kəndlərdə belə yaşayan əhalinin keyfiyyətli tibbi xidmətlərlə təmin olunmasında əhəmiyyətli rol oynayır.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə