Azərbaycanda şəkərli diabet xəstələrinin sayı açıqlanıb

Dünya ölkələrinin çoxunda şəkərli diabet bilavasitə ölüm səbəbləri arasında ürək-damar və onkoloji xəstəliklərdən sonra üçüncü yeri tutur. Bu xəstəlik vaxtında müalicə olunmayanda, vaxtında profilaktiki tədbirlər görülməyəndə, çox ciddi fəsadlar törədir. Statistik məlumatlar göstərir ki, təəssüf ki, Azərbaycanda da diabet xəstələrinin sayının artması müşahidə olunur. Məsələn, 2017-ci ildə müalicə-profilaktika müəssisələrinin qeydiyyatında təqribən 243 min diabet xəstəsi olduğu halda, 2018-ci ilin 8 ayı ərzində onların sayı 263 min 057 nəfərə çatıb. Bundan əlavə, Azərbaycanda 1654 uşaq bu xəstəli̇kdən əzi̇yyət çəki̇r. “2016-2020-ci illər üçün şəkərli diabet üzrə Dövlət Proqramı” çərçivəsində diabet xəstələrinin müayinəsi və müalicəsi məqsədi ilə zəruri tədbirlər görülüb. Məsələn, dövlət proqramı çərçivəsində şəkərli diabet xəstələrinə dərmanların alınmasına ayrılan maliyyə vəsaiti bu il artırılaraq 36 milyon manata çatdırılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin Respublika Endokrinologiya Mərkəzinin (REM) direktor müavinin Babək Saleh jurnalistlərə müsahibəsində məlumat verib.

Şəkərli diabetin yaranmasının əsas səbəbləri barədə də məlumat verən B.Saleh deyib: “Piylənmə şəkərli diabetin törənməsinin ən geniş yayılmış səbəbidir. Piylənmə zamanı həm qaraciyər, həm də mədəaltı vəzi piy qatı ilə örtülür. Buna görə də insulin hüceyrələr tərəfindən mənimsənilmir. Azhərəkətli həyat tərzi nəticəsində insanın çəkisi artır. Bu, ilk növbədə yaşlı adamlarda, habelə kompüter qarşısında çox oturan, yalnız avtomobildə və digər nəqliyyat vasitələrində hərəkət edən insanlarda müşahidə olunur. Tarazlaşdırılmamış qida da şəkərli diabetin inkişafına şərait yaradır. Hazırda düzgün qidalanan bir insan tapmaq son dərəcə çətindir. Bu, həyatımızın ritmi və hər gün yeməli olduğumuz zərərli məhsullarla bağlıdır. Bütün bunlar şəkərli diabetin inkişafına əlverişli zəmin yaradır. Qeyd edim ki, stress vəziyyətləri şəkərli diabetə tutulmanın ən çox təsadüf edilən səbəblərindəndir. Belə vəziyyətlər insulinə məhvedici təsir göstərir. Şəkərli diabetin inkişafına şərait yaradan amillər arasında oynaq xəstəliyini fərqləndirmək olar. Bu, həm birinci tip, həm də ikinci tip diabetə şamil edilə bilər. Bundan əlavə, spirtli içkilərə aludə olmaq da yetərincə çox təsadüf edilən səbəbdir. Məsələ bundadır ki, spirtli içkilər orqanizmin bütün orqanlarına, o cümlədən mədəaltı vəziyə təsir göstərir. Demək istəyirəm ki, bütövlükdə orqanizminizin qeydinə qalsanız, nə yediyinizə diqqət yetirsəniz, həkimlərə vaxtında müraciət etsəniz və fəal həyat tərzi keçirsəniz, bu ciddi xəstəlikdən tam şəkildə yaxa qurtara bilərsiniz”.

Bütün xəbərlər Facebook səhifəmizdə