Tünzalə Nurəliyeva: “Hərəkət sağlamlığın ilk dərmanıdır” MÜSAHİBƏ

XXI əsrin xəstəliyi - oynaq ağrıları

Altı il bundan qabaq oğlum Elnurun vəziyyəti birdən-birə çox pisləşdi. Onu Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasının neyrocərrahiyə şöbəsinə apardıq. Orada bildirdilər ki, təcili MRT olunmalıdır. Böyük əziyyətlə Bakıya aparıb MRT etdirdik. Yenidən xəstəxanaya gətirdik və şöbə müdiri bildirdi ki, belində 12 millimetr yırtıq var. Təcili cərrahiyə olunmalıdır. Oğlum bu ağrılardan çox əziyyət çəkirdi. Amma bəzi cərrahiyə olunan adamlar da deyirdilər ki, cərrahiyyənin elə də böyük effekti yoxdur. Elə bu məqamda mənə dedilər ki, Sumqayıtdakı Para-Olimpiya Kompleksində Tünzalə Nurəliyeva adlı bir həkim işləyir. O, belində yırtıq olan çoxlu insanları sağaldıb. Təcili onunla görüşdüm. Ona təqdim etdiyim MRT-yə baxandan sonra dedi ki, cərrahiyyəyə ehtiyac yoxdur, mən sizin oğlunuzu sağaldaram. Oğlumu xəstəxanadan çıxarıb, evə gətirdim və hər gün Tünzalə həkimin yanına müalicəyə apardım. İlk gündən iki çəliklə və mənim köməkliyimlə çox çətinliklə yeriyən oğlum, artıq bir həftədən sonra bir çəliklə gedirdi və mənim köməyimə də ehtiyacı olmurdu. On beş gündən sonra daha çəlikdən istifadə etmədi. Beləliklə, bir aydan sonra o, sağaldı. Oğlumu cərrahiyə etmək istəyən həkimlər və hətta tibb üzrə elmi dərəcələri olan dostlarım da inana bilmədilər ki, onların tanımadığı və heç bir elmi dərəcəsi olmayan Tünzalə həkim onu necə sağaltdı. Sonra onurğa və oynaq ağrıları ilə kimin problemi olurdusa mən Tünzalə həkimin yanına göndərirdim və o da həmin insanlara da əlindən gələn köməklikləri edib, sağaldırdı. Bütün bu illərdə mən, bizim ailəyə sevinc bəxş edən Tünzalə həkimlə imkan düşdükcə əlaqə saxlayırdım.

Bu yaxınlarda mətbuatda belə bir maraqlı fikir oxudum. Hələ keçən əsrdə bolqarıstanlı məşhur görücü Vanqa deyib ki, “XXI əsr dünyada insanlar ən çox oynaq ağrılarından əziyyət çəkəcəklər. Bu xəstəliklər də onlarda başqa xəstəlikləri yaradacaq”. Biz bunun bariz nümunəsini respublikamızda da görürürk. Belə ki, son 17 ildə respublikamızda onurğa və oynaq xəstəlikləri ilə bağlı xəstəliklərin çoxaldığına görə belə qərara gəldim ki, onunla müsahibə aparım. İnanıram ki, onun ağıllı məsləhətləri bu xəstəliklərdən və başqa bu kimi xəstəliklərdən əziyyət çəkən insanlarımıza çox kömək edəcək.

Qısa arayış: Tünzalə Mikayıl qızı Nurəliyeva Bakı şəhərində ziyalı ailəsində anadan olub. Babaları bir vaxtlar repressiyaya məruz qalıb. Vətəndən ayrı düşüblər. Sonra haqq öz yerini tapib və Vətənə qayıdıblar. Tünzalə xanım orta məktəbi demək olar ki, əla qiymətlərlə bitirib. Arzusu dizayner olmaq olub. Amma o, anasının arzusu ilə Azərbaycan Dövlət Tibb İnstitutuna qəbul olub. Çünki anası həkim olmaq istəyib. Tibb Texnikumunu bitirəndən sonra istəyib ki, sənədlərini ali məktəbə verib ki, həkim olsun, amma həmin vaxtı ailə həyatı qurduğuna görə, daha təhsilini davam etdirə bilməyib. Ona görə də anası Məhrubə xanımın arzularını çin edib, müalicə həkimi oldu. Türnzalə həkim ilk əmək fəaliyyətinə də Sumqayıt şəhərindəki Kimya və Sintezkauçuk zavodlarının tibb müəssisələrində rentgenoliq işləməklə başladı. On il bu vəzifədə çalışan Tünzalə həkim səhhətinə görə ixtisasını dəyişərək fizeoterapiya sahəsi üzrə həkim işləməyə başlayıb. Bununla bağlı təkcə Sumqayıtda yox, respublikada yaxşı tanınan Məlik Əliyevin yanında üç ay kurs keçib. Tünzalə xanımın savadı, bacarığı, deyilən hər fikri tez qəbul etməsi Məlik həkimin çox xoşuna gəlib və buna görə də fizioterapiya ilə bağlı bütün bildiklərini tələbəsi Tünzalə həkimə öyrədib. Sonra bu sahədə işləyən Tünzalə xanım həmişə onunla məsləhətləşib. Az bir vaxtda artıq Sumqayıtda yox, respublikada fizeoterapiya sahəsində sayılıb-seçilən həkim olub. Məlik həkim də həmişə öz yetirməsi ilə fəxr edib və çətin sağalan xəstələri də məhz onun yanına göndərib. Tünzalə həkim də müəlliminin bu ümidlərini də doğruldub. İndi çoxlu insanlar Tünzalə həkimin yanına böyük ümidlə gəlib, tam sağalırlar. Amma çox əfsus ki, belə bir mütəxəssis haqqında demək olar ki, yazarlarımız heç nə yazmır və onun bu xeyirxah işini təbliğ etmirlər.

- Tünzalə həkim siz təkcə ananızın arzusu ilə həkim olmusunuz, ya sizin nəsildə tibb sahəsində ananızdan başqa kimlərsə bu sahə ilə məşğul olub?

- Atamın anası, yəni mənim nənəm Teybə xanım da Şuşada el arasında deyilən kimi ara həkimi olub. Məşhur təbib və sınıqçı kimi isə Qarabağ bölgəsində çox məşhur olub. İllər keçəndən sonra, yəni fizeoterapiya ilə məşğul olanda başa düşmüşəm ki, bu mənə irsən keçib. Mənim babam və nənəm 1937-ci ildə "qolçomaq" adı ilə Şuşadan köçürüləndə, sonra onlara bəraət verilsə də yenidən Şuşada yaşamağa imkan verməyiblər və onlar Bərdədə məskunlaşmışıblar. Yadıma gəlir ki, həmin vaxtı "sınıqçı"lara xəstələrlə məşğul olmağa imkan vermirdilər. Amma axşamlar bizə sınıqla, çıxıqla bağlı çox adam gətirirdilər və nənəm də onların sınan, çıxan yerlərinə xəmirdən yaxma eləyir və üstünə də taxta qoyub, möhkəm bağlayırdı. Bu da bir növ gipsi əvəz edirdi. Sürgünlük həyatı elə bil ki, bizim alnımıza yazılıb. Belə ki, anamın nəsli də sürgünlük həyatı yaşayıb. Onlar Cənubi Azərbaycandan bir vaxtlar Tiflisə köçüblər. Sonra da 1937-38-ci ildə Orta Asiyaya sürgün edibər. Amma onların heç bir təqsiri olmadığı sübuta yetəndən sonra yenidən Tiflisə qayıtsalar da əvvəlki mülklərini onlara verməyib və balaca bir daxma veriblər. Mənim ana babam Əbülfəz kişinin də çox maraqlı həyatı olub. O, Böyük Vətən Müharıbəsi vaxtı əsir düşüb. Osvensium, Mauthauzen düşərgələrində olub. Hətta Mauthauzendə yəhudiləri peçlərdə yandıran vaxtı onu da sünnət olduğuna görə yəhudi kimi yandırmaq istəyiblər. O, yəhudi olmadığını var qüvvəsi ilə sübut etmək istəyib. Ona inanmayıblar. Amma kürəyində ülgüclə çərtilmiş işarələrindən həkim onun həqiqətən də azərbaycanlı olduğunu bilib. Çünki yəhudilər heç vaxt kürəyi çərtmirlər, amma uşaqlarını müsəlmanlar kimi sünnət edirlər. Bu yolla da onun ölümünün qarşısı alınıb. Bizdə Azərbaycanda dədə-babadan uşaqlar xəstələnəndə onların kürəyini ülgüclə çərtib qan alıblar. Sonra babam Əbülfəz, dörd nəfər əsirlə birlikdə Mauthauzeh düşərgəsindən qaçıb. Həmin dörd nəfəri güllə ilə vurub öldürüblər, amma babam qaçıb canını qurtara bilib. O, İtalyan partizanlarına qoşulub. Əfsanəvi qəhrəman Mehdi Hüseynzadənin vuruşduğu dəstəyə düşüb. Amma həmin vaxtı Mehdi Hüseyzadə artıq həlak olmuşdu. Babamın da azərbaycanlı olduğunu bilib, ona çox hörmətlə yanaşıblar. Müharibədən sonra onu Pribaltikaya göndəriblər. Oradakı Sovet əlehinə mübarizə aparan dəstələrlə vuruşub. 1948-ci ildə oradan qayıdandan sonra onların ailəsi də Tiflisdən Bərdəyə köçüb. Atamla-anam da Bərdədə tanış olublar. Bakıda ali məktəbdə oxuyanda ailə qurublar və mən dünyaya gəlmişəm. Valideyinlərim elmi işlərə çox böyük maraq göstəriblər və məni də oxumağa, öz sənətim üzrə çoxlu kitablar oxumağa həvəsləndiriblər. Bəlkə də elə buna görədir ki, mən öz sənətimə elmi cəhətdən daha çox yanaşıram. Çin təbabətini, Şərq təbabətini, İbin Sinanı və Alman təbabətini daha çox oxuyuram. Öz işimi də onların sintezi əsasında qurmuşam. 37 ildir ki, həkim işləsəm də hər gün tibb sahəsi üzrə nə isə oxuyub, öz işimdə tətbiq etməyə çalışıram. Mən oxatan bürcündən olduğuma görə çalışıram ki, başladığım hər bir işi axıra çatdırım. Dizayner işi də mənim daxilimdə qalıb. Harada işləməyimdən asılı olmayaraq, çalışıram ki, iş otağım zövqlü olsun. Xəstənin ətrafinda bir gözəl aura yaratmaq istəyirəm ki, ondan zövq ala bilsin. Çünki gözəl aura da xəstəliyə çox köməklik edir və insanın əhvalını dəyişir.

- Axır vaxtlar Azərbaycanda oynaq xəstəlikləri çox artıb. Bunun səbəbi nədir?

- Bunun əsas səbəbi ekalogiyanın pozulması, gipodinamiyanın çox artması, hərəkətsiz həyat tərzi. Kompüter də həyatımızda çox rol oynayır. Bu, onunla da çox bağlıdır. İnsan kompüterə bağlı olanda məcbur olur ki, onun qarşısında uzun müddət otursun. Özünə nəzarət edə bilmir ki, nə qədər oturub. Amma iki saatdan artıq kompüterin qarşısında oturmaq olmaz. Çox oturanda da bədəndə fəsadlar baş verir. Iki saatdan sonra hökmən kompüterin qarşısından durub, hərəkətlər etmək lazımdır. Dartınmaq lazımdır. Təmiz havaya çıxmaq vacibdir. Ümumiyyətlə hərəkətsiz həyatın qarşısını almaq uçün çoxlu piyada gəzmək lazımdır. Çünki piyada gəzmək insan sağlamlığına ən çox təsir edən idman növüdür. Xroniki oksigen çatışmasmazlığı, yəni bağlı yerdə uzun müddət oturmaq da insan orqanizminə təsir edir. Beləliklə, orqanizmdə oksigen çatışmır və bununla da bir sıra xəstəliklər yaranır. İnsan orqanizmində oksigen çox olsa bütün virusları, radikalları, göbələkləri öldürür. Onları neytirallaşdırır. Orqanizmdə oksigen çatışmayanda çoxlu sayda viruslar, göbələklər inkişaf edir. Bədəndə mənfi radikallar yığılır. Oksigen də orqanizdə nə vaxt yaranır? Biz təmiz havada gəzəndə, təbiətin qoynunda çox olanda. Deməli, aktiv həyat orqanizmdə daha çox oksigen yaradır. Aktiv həyat sağlam yaşamaq deməkdir. Oynaq xəstəliklərini yaradan əsas səbəblər isə bunlardır. Hipodinamiya, Hipoksiya. Dizbakterioz. Qeyri düzgün qidalanma. Qeyri sağlam həyat tərzi.

- Avropa ölkələrində və dünyanın inkişaf etmiş yerlərində insanlar həftənin ən azından iki gününü altı və bazar günlərini ailəlikcə təbiətin qoynuna gedirlər. Orada istirahət edirlər. Bəs bizim məmləkətdə niyə belə deyil? Niyə biz öz istirahətimiz üçün vaxt ayıra bilmirik?

- Yadınıza gəlirsə Sovet dövründə və hətta ondan qadaq insanlar yaz və yay aylarında yaylaqlara gedərdilər. Ən azından 3 ay orada dincələrdilər. Orada həm hava təmiz idi. Həm bulaqların suyu, həm insan orqanizminə xeyir verən bitkilərdən istifadə etmək, insan orqanizminə böyük fayda verirdi. İnsanların həyat tərzi dəyişirdi və adamlar çox təsadüfən xəstələnirdilər. Artıq insanlar qışda şamın işığında, kerosin lampanın və peçin iüstüsünə tab gətirirdilər. Çünki 3 ay yığdıqları oksigen insan orqanizmində hər şeyi tənzimləyirdi. İndi ən acınacaqlı haldır ki, işləmək üçün camaatımızın çoxu axışıb Bakıya və başqa şəhərlərə gəliblər. Rayonlarımızda gözəl bağlı-bağatlı yerlərimiz boş qalıb. Ona görə də rayonlarda çoxlu iş yerləri açmaq lazımdır və kənd təsərrüfatını dirçəldib əvvəlki vəziyyətə gətirmək lazımdır ki, insanlarımız yenidən rayonlara qayıtsın və orada təbii oksigendən çox istifadə etsinlər. İnanın bu yolla biz, insanlarımızın sağlamlığını da qaydasına sala bilərik. Yadınıza gəlirsə ulu öndər Heydər Əliyevin Sovet dövründə Azərbaycana rəhbərlik etdiyi vaxt bütün dağ və dağətəyi rayonlarda sanatoriyalar vardı. Bütün rayonların kənd əməkçiləri də öz müəssisələrinin hesabına gedib orada istirahət edirdilər. Bununla da orqanizmləri bərpa olunurdu. Mən bütün insanlara məsləhət görürəm ki, hər gün yemək yedikləri kimi, heç olmasa gündə bir dəfə gimnastika etsinlər. Əgər bağlı yerdədilərsə pəngərələri açsınlar və otağa təmiz hava gəlsin və bu təmiz havada idman hərəkətlər etsinlər. Gəlin bunu da danmayaq ki, bizim millət kimyəvi dərmanı daha çox meyillidir. Orqanizmin kiçik bir yeri ağrıyan kimi tez gedib, ağrıkəsici alıb içir. Çox vaxt da hansısa qonşu deyir ki, mən filan dərmanı alıb içdim və ağrın kəsdi. Həmin adam da gedib o dərmanı alıb içir. Bu da açığı savadsızlıqdan, səhiyyə maarifini biləməkdən irəli gəlir. Çünki biz hələ də başa düşə bilmirik ki, həkim demədən və məsləhət bilməsə, xəstə özü hansısa dərmanı aılıb içməməlidir. Mən həmişə çalışıram öz xəstələrimi maarifləndirəm ki, dərmanı alanda hökmən onun kağızını ( annatasiyasını) oxuyub, sonra istifadə edin. Ola bilər ki, həmin dərman heç sizin orqanizminizə düşmür. Ona görə hər bir insan özünün həkimi olmalıdır. Ən dəhşətlisi odur ki, həkimlərin çoxu xəstələrə antibotiklər daha çox yazırlar. Onlar başa düşə bilmirlər ki, antibiotiklər insan bədənini daha çox zəhərləyən preparatlardır. Antibiotiklər insan orqanizmində mikrobları öldürən kimi canlı hüceyrələri də öldürür. Bununla da insan orqanizmində disbakterioz və onunla bağlı fəsadlar başlayır. Antibiotik səhiyyə sahəsində vaxtı ilə inqilab yaratmışdı. Amma onun fəsadları ikinci nəsildə özünü büruzə verir.

- Siz belə hadisələrlə rastlaşıbsınızmı?

- Mənim öz xəstələrimdə yox, amma bir tanışımızın başına gələn bir faciəni bilirəm. Belə ki, cavan oğlan ad günündə yeyib-içib və qızdırması qalxıb. O, həkimə zəng vurub deyib ki, qızdırmam qalxıb. Həkim də deyib filan qızdırma salan dərmanı iç. Oğlan həmin dərmanı içib. Orqanizmdə dərmanla spirtli içki reaksiyaya girib və oğlan dünyasını dəyişib.Görürsünüzmü? Bu, həkimin məsuliyyətsizliyidi ki, xəstəni yoxlamadan telefonla xəstəyə dərman deyir. O, başa düşmür ki, spirtli içki içənə kimyəvi dərman vermək olmaz. Xəstənin qızdırmasını sadəcə təbbi yollarla aşağı salmaq olardı və xəstə də sağ qalardı. Olub ki, mənim yanıma xəstələr gəlib və məlim olub ki, disbakterioz keçiriblər. Mədə-bağırsaqlarında problemlər var. Həmin antibiotiklərin nəticəsində bu problemləri yaranıb və orqanizmdəki lazım olan bakteriyalar da məhv olub. Bununla da selikli qişa öz qabiliyyətini göstərə bilməyəndə, yəni buna gücü çatmayanda təbii ki, minerallar və vitaminlər sorulmur. Oynaqlarda qidalanma və bərpa pozulur. Bununla da oynaq ağrıları başğayır. Bunu alman alimləri də təsdiq ediblər. Mən özüm bunu neçə illər qabaq fəhlə başa düşmüşdüm. Amma Almaniyadan Bakıya gələn və Bioloji Təbabət Klinikasında seminar aparan alimlərin kursunda iştirak edəndə bunun tam şahidi oldum. Ona görə də əgər hansı bir insanda oynaq ağrıları varsa, ilk öncə onun mədə-bağırsağını, öd kisəsini və qara ciyərini yoxlamaq lazımdır. Problem ordadır. Buna görə də mən xəstənin müalicəsinə başlayanda ilk öncə mədə-bağırcaq müalicəsindən başlayıram.

- Oynaq xəstəlikləri ilə bağlı sizin özününüzün metodlarınız var. Bu metodlar hansılardır? Siz necə edirsiniz ki, tez bir zamanda oynaq ağrılarını insanlarda sağaldırsınız?

- Mən birinci ilk öncə dərinə gedirəm. Belə ki, bu oynaq ağrılarını yaradan səbəbləri tapmağa çalışıram. İkinci isə insanın orqanizminin özünü sağaltması üçün bərpa qüvvələrini tapıb, elə onun vasitəsi ilə xəstəni sağaldıram.Belə ki, onun bədəninin qüvvələrinə müraciət edirəm ki, onlar mənə cavab versin. Mən buna nail olanda, görürəm ki, insanın bədəni başlayır mənə cavab verməyə. Onda da effek çox gözəl və uzunmüddətli olur. Xəstəyə mən ağrıkəsici yazmıram. Yalnız o vaxt yazıram ki, görürəm ağrılar dözülməzdir. Belə ki, təxminən üç gün müddətinə onun ağrıları olmasa, sonra müalicə prosesində daha ağrıları olmayacaq. Mən xəstələri manual terapiya, fizioterapiya və bioloji preparatlarla müalicə edirəm. Bütün bunlardan əvvəl isə xəstəyə psixoloji yanaşıram və başa salıram ki, oynaq ağrıları 5-10 günə sağalan deyil. Burada zaman lazımdır. Çünki bu xəstəlik illərlə onun orqanizmində davam edib və indi özünü kəskin formada büruzə verib. Ona görə də bu xəstəliyi müalicə etmək üçün də zaman lazımdır. Adi bir misal. Qığırdağın, bağın, vətərin sağalması üçün ən azından iki ay vaxt lazımdır. Təsəvvür edin sümük 40 günə sağalır, bitişir. Amma bağın bitişməsinə, sağalmasına, elastikləşməyinə ən azı iki ay vaxt lazımdır. Buna görə də xəstəyə səbr lazımdır. Yəni o, dözməlidir və optimist olmalıdır. Onu da vurğulayım ki, artıq 40 yaşından sonra insan orqanizmində qocalma başlayır və ağrılar ortaya çıxır. Bu yaşdan sonra gərək insanlar daha çox idmanla, gimnastika ilə məşğul olmalıdırlar. Sağlam qidalansırlar. Həmişə hərəkətdə olsunlar. Ümumiyyətlə səhiyyədə belə bir deyim var. Hərəkət sağlamlığın ilk dərmanıdır.

- Axır vaxtlar çox pis bir şey yaranıb. Həkimlər xəstənin harası ağrıyırsa onu müayinə etməmiş göndərirlər MRT-yə. MRT edənlər də xəstələri sözün həqiq mənasında soyurlar. Bu nə dərəcədə düzgündür?

- Mənim müəllimlərim olub. Onlar əsl həkimlər idilər. Professor Abbasov vardı. Deyirdi ki, xəstəni qəbul edəndə mütləq onunla çox diqqətlə söhbət edin. Onun şikayətlərinə qulaq asın və sonra mütləq xəstəni soyundurun və baxın ki, xəstənin bədənində siz gözlə nə görürsünüz. Mənim xəstəm olub. Onu soyundurmaqla qarnında şiş görmüşəm. Əfsus ki, mənə qədər heç bir həkim onu soyundurub, qarnında olan şişi görməyib. Xəstə onurğa şikayəti ilə mənim yanıma gəlir və mən onun onurğasına baxanda görürəm ki, hər şey normaldır, amma xəstə şikayət edir. Onda fikirləşirəm ki, onun daxili orqanlarında ciddi problem var ki, onu belə narahat edir. MRT-yə mən xəstənin yalnız vərəm, şiş xəstəliklərindən şübhələnəndə göndərirəm. Amma onurğa problemini görmək üçün sadəcə rentgen plonykası da kifayət edir. Yəni biz xəstədə nələrdəsə şübhələnəndə onları sadəcə analizlərə göndəririk. Əgər onların cavabı müsbətdirsə onda biz niyə xəstəni MRT-yə göndərib, onun belə kasıb bir vaxtında ondan 200-400 manat həcmində pul alsınlar? Axı bu düzgün metod deyil. Mən özüm 10 il rentgenoloq işləmişəm. Rentgen plonkasına baxanda onurğada nə problemlər varsa onları aydın görürəm və başlayıram yuxarıda dediyim öz metodumla onların müalicəsinə. Əgər mən orada onkoloji problem görəndə məcbur oluram ki, xəstəni MRT-yə göndərim. Hətta mən əlavə problem görməyəndə qadınları genekoloji ultrasəs müayinəsinə, kişiləri androloji ultrasəs müayinəsinə göndərirəm və onların cavablarını oxuyanda görürəm ki, bu adamların xəstəliyi beldə yox, qadında fibromadır və kişilərdə prastat vəzinin xəstəliyidir. Yəqin ki, xəstələri düzgün metodla müalicə etdiyimə görə də mənə daha çox insanlar müraciət edir. Ona görə də ancaq MRT ilə xəstəyə diaqnoz qoymaq olmaz. Onu da vurğulayım ki, xəstə birinci gərək retgen eləsin. Orada şübhə olanda MRT-yə göndərirəm. Sümük toxumasında əgər sümüklər salamatdırsa, ola bilər ki, yumşaq toxumalarda problemlər var və onu retgen göstərməsin. Belə halda MRT vacibdir. Mənim təcrübəmdə belə hadisələr də olub. Xəstədə MRT yırtıq göstərib. Amma onun problemi həmin yırtıq yox, yayılmış skleroz və ya şəkər xəstəliyi olub.

- Axır vaxtlar həkimlər xəstələrə daha çox kimyəvi dərmanlar yazırlar. Bəs bu nə dərəcədə düzdür? Axı kimyəvi dərman bədəndə bir orqanı sağaldırsa, başqa bir orqanı xəstələndirir. Sizin kimyəvi dərmanlara münasibətiniz necədir?

- Mən onların tam əlehinə deyiləm. Bəzi dərmanlar var ki, insanın ömrünü uzadır. Elə götürək blokatorları. Onlar olmasa təzyiq xəstəliklərə çoxlu fəsadlar yarada bilər. İnsanlar insulf, infark ola bilər. Bu blokatorlardan istifadə etdikdə qoymur ki, təzyiq oynasın. Mən bunu səhiyyədə inqilab adlandırıram. Amma elə kimyəvi dərmanlarda var ki, açıb annatasiyasın oxuyanda görürsən ki, əks göstəriciləri 10 qat çoxdur. Mən belə başa düşürəm ki, bu dərmanlar qayda-qanunla yoxlanılmayıb. Çünki bir dərmanı tətbiq edəndə əvvəl heyvanların üstündə və sonra bir qrup könüllü adamlar var ki, pul alırlar və bu dərman onların üstündə praktika kimi aparılır. Əgər yaxşı effek verərsə, təcrübədən müsbət keçərsə sonra onun kütləvi satışına icazə verilir. Amma yüksək inkişaf etmiş və dərmanlarının keyfiyyəti zəif olan ölkələr həmin dərmanları öz ölkələrində yox, bizim kimi ölkələrə göndərib, bizim üzərimizdə tətbiq edirlər. Yəni bizim kimi millətləri üçüncü sort kimi götürüb, bu dərmanlardan pul qazanırlar. Axı əks göstəriciləri çox olan dərmanları onlar öz ölkələrində sata bilməzlər. Bunda da bizim dərmanla məşğul olan təşkilatlarımız günahkardır. Əgər bir dərmanın annatasiyasında çoxlu əks göstəricilər varsa, onlar niyə həmin dərmanları respublikamıza gətirirlər? Deməli, onlar bizi paliqon bilirlər? Buna qarşı mübarizə aparmaq lazımdır. Amma yuxarıda dediyim ki, elə kimyəvi dərmanlar var ki, onlarsız mümkün deyil. Məsələn əvvəllər xəstənin ürəyində problem olanda biz onu uzun müddət müalicə edridik. Amma indi ürəyi şuntlama yolu ilə xəstəni tez sağaltmaq olur. Deməli, səhiyyə elmi inkişaf edib. Bunu danmaq olmaz. Adicə götürək suyu. Biz onu çox içsək bizə ziyan olar. Necə ki, dahi Nizami Gəncəvi deyir:

“Bir inci saflığı varsa da suda,

Artıq içiləndə dərd verir o da”.

Deməli, kimyəvi dərmanlardan da çox istifadə etmək olmaz.

- Bu gün dünyada səhiyyə sahəsində iki metod bir-birini izləyir. Akademik təbabət və bioloji təbabət. Sizin bir həkim kimi onlara münasibətiniz necədir?

- Mənim bir həkim kimi meylim bioloji təbabətə daha çoxdur. Çünki mən fiziterapeftəm. Bu nə deməkdir? Bu, fiziki üsullarla müalicə metodudur. Bunlar da təbiətin üsullarıdır. Mineral su, naftalan, palçıq, qum, maqnit sahə ilə müalicə və sairə. Bunlar hamısı bioloji müalicədir. Bu müalicə metodlarının da min illərlə yaşı var. Mənim akademik müalicə ilə yanaşı Çin, Tibet, Şərq və Alman təbabətinə marağım daha çox olub. Mən öz müalicə üsulumda onların sintezini tapıb və bu üsulla işləyirəm. Bizim xalt təbabətindən də çox istifadə edirəm. Yəni xalq təbabəti ilə həmişə maraqlanmışam və görmüşəm ki, bu üsullar daha zəngindir. Bunlar heç də akademik təbabətə əks deyil. Sadəcə hər müalicənin öz vaxtı və yeri var. Mən alman alimlərinin bioloji təbabət kurslarına gedəndə görmüşəm ki, onlar bizim xalq təbatətində çox istifadə edirlər. Sözsüz ki, bu müalicə üsulunu onlar dünyaca məşhur azərbaycanlı təbib İbin Sinadan götürüblər.Dünyada İbin Sinanın bəbabətlə bağlı üsullarından geniş formada istifadə olunduğu halda əfsus ki, biz hələ də İbin Sinanın təbabətlə bağlı yazdıqlarının çoxunu bilmirik və təbliğ etmitik. Eləcə də ölkəmiz dərman bitkiləri ilə çox zəngindir və tarixlər boyu dünyanın təbibləri gəlib buradan həmin dərman bitkilərini aparıblar. Amma biz hələ də onlardan lazımi səviyyədə istifadə edə bilmirik. Sözümüm canı budur ki, müalicə işi akademik təbabətlə bioloji təbabətin sintezi olmalıdır. Olur ki, xəstə böyük ağrılarla mənim yanıma gəlir. Mən onun ağrılarını azaltmaq üçün başlayıram ona ağrıkəsici vurmağa. Deməli, akademik üsulla onun ağrılarını azaldıb, sonra başlayıram bioloji təbabətlə müalicə etməyə. Həmin vaxtı da qan dövranını yaxşılaşdırmaq üçün kimyəvi dərmandan da istifadə edirəm. O dərmanlar ki, yatmış damarları açır. Biz ona vazoprotektor deyirik. İnsanın əgər təzyiqi varsa biz yenə də kimyəvi dərmandan istifadə etməklə onun təzyiqini aşağı salırıq. Sonra mən insanın bədəninə zəli qoyub, onun tüpürcəyi vasitəsi ilə qanı durulaşdırıram. Çünki mən istəmirəm ki, xəstə sızıldasın. O ağrıyanda mənə pis təsir edir. Həkim xəstəni özünün ən yaxın adamı bilməsə onu tam sağalda bilməz. Olur ki, mənim yanıma xəstə gətirirlər və baxıb görürəm bu mənlik deyil. Həmin adam cərrahiyyə olunmalıdır. Ya da uşaq gətirirlər ki, bədənində ağrılar var. Baxıb görürəm ki, bu uşağın boğazında problemlər var və göndərirəm LOR həkiminin yanına. O, cərrahiyə eləyəndən sonra mən öz müalicəmi davam etdirirəm.

- Azərbaycanda XX əsrdə fizioterapiyanın atası sayılan və Sumqayıtda yaşayan Məlik Əliyev adlı həkim vardı. Sizin müəlliminiz. Onun haqqında nə deyə bilərsiniz?

- O, həm böyük şəxsiyyət və həm də çox yaxşı həkim idi. Böyük Vətən Müharibəsinin alovlarından keçmiş, amma həddindən artıq səbrli, öz işini yüksək səviyyədə bilən mütəxəssis idi.O, mənim və mənim kimi çoxları üçün dahi idi. Həmişə ona deyirdim ki, mən nə qədər çalışsam da, nə qədər oxusam da sizin kimi həkim ola bilmərəm. Məlik həkim də gülümsəyib deyirdi ki,” hər şey sənin öz əlindədir. Mən də sənin kimi rentgenoloq kimi işə başlamışam və sonra fizioterapiya sahəsinə keçmişəm. Rentgenoloqluqdan fizeoterapiyaya keçənlər bu sahədə daha çox uğurlar qazana bilirlər. Mən də çalışacam sənin timsalında özümdən sonra heç olmasa bir tələbə qoyum gedim ki, insanlara layiqincə xidmət eləsin. İbin Sina ona görə tarixdə qalıb ki, özündən sonra çoxlu tələbələr qoyub gedib. Hətta başqa dindən olan insanlar onun yanına gəlib, müsəlman dinin qəbul ediblər ki, təki İbin Sinadan təbabət elmini öyrənsinlər”. Mən də çox istəyirəm ki, Məlik Əliyevlə bağlı yazılar yazılsın. Onun adı əbədiləşdirilsin. Fizioterapiya ilə müalicə qaydalarını, işin inzibati tərəflərini mən ondan öyrənmişəm. O, özü də fizioterapiya ilə bağlı üsulları özünə tətbiq etməklə sağlam həyat keçirib və çox yaşayıb.

- Bu gün Azərbaycanda çoxlu məşhurlar var ki, siz onları müalicə etmisiniz. Ümumiyyətlə sağalması çətin olan insanları müalicə edəndən sonra siz hansı hisslri keçirirsiniz?

- Mənim üçün xəstənin məşhuru və ya qeyri məşhuru yoxdur. Hər bir xəstə mənim üçün əzizdir və mənim də borcum onu sağaltmaqdır. Ona görə də mən heç kimin adını çəkmək istəmirəm. Bəli, çoxlu məşhur insanlar var ki, mən onları müalicə etmişəm və bundan da fərəh hissi duyuram. Əlbəttə, müalicəsi çətin olan xəstəni sağaldanda mən də xəstə ilə birlikdə böyük fərəh hissi keçirirəm. Bir misal deyim. On beş il bundan qabaq yanıma 60 yaşında bir kişi gəldi. Dedi ki, “mənim çanaq oynağıma süni oynaq qoymaq istəyirlər. Amma mən cərrahiyyəyə getmək istəmirəm. Uzun illər Təcili Yardım Stansiyasında sürücü işləmişəm. Amma pilləkənlərdən qalxıb-düşə bilmirəm və maşında otura bilmirəm. Xahiş edirəm mənə köməklik edəsiniz”. O vaxt təcrübəm indiki kimi deyildi. Rentgen plyonkasına baxıb gördüm ki, oynaq sümüyüyün başı çox yeyilib və bunun müalicəsi mümkün deyil. Dedim ki, mən risk eləyib sizi müalicəyə götürə bilmərəm. Həmin kişi çox yalvarıdı. Mən məcbur olub onu müalicə etməyə başladım və müsbət nəticə alındı. Təsəvvür edin ki, oynaq sümüyünün baş hissəsi bərpa olundu və o, artıq pilləkənləri 30-35 yaşlı adam kimi qalxıb-düşməyə başladı. Deməli, sənətim mənə sübut elədi ki, bunu eləmək olar. Həm də həmin kişinin bədəni mənə imkan verid ki, mən onu müalicə edim. Çünki insan orqanizmi hələ də tam kəşf olunmamış böyük bir zavod, qalaktikadur. Bu zavod, qalaktika özü-özünü idarə edir və lazım olanda da bərpa edir. Hətta orqanizmi cavanlaşdırmağı da bacarır. Həkimin də ali məqsədi həmin bədən üzvülərini oyatmaqla hərəkətə gətirməkdir. Bir xanımın isə ayağı o birisindən 6 santimetr qısa idi. Mən müalicə və dartma yolu ilə onun ayağını uzatdım. Hər iki ayağının uzunluğu eyni oldu. O xanım mənim yanıma gələndə yeriyə bilmirdi. Sağalandan sonra isə toyda rəqs etməyə başladı. Mənim özümün dartma masam var. Onu özüm icad etmişəm. Bu masa Alman, Tibet və Azərbaycan sintezi olan dartma üsuludur. Həmin masam Sumqayıt Para Olimpiya Kompleksində qalıb. İndi mən ordan çıxıb, Kompleksin əks istiqamətində olan DİVA SPA-da işləyirəm. Mənim həmin masamı isə Para Olimpiya Kompleksinin rəhbərliyi vermir və qalıb orada pas atır. Halbuki həmin masa mənim özümün şəxsi ixtiramdır.

Mənim yaşıma 21 yaşlı cavan oğlanı gətirmişdilər. O, yeriyə bilmirdi və onurğasında çoxlu Şmorl düyünləri və belində 5-6 yırtıq vardı. Həmin oğlanın qanını analiz edəndə gördük ki, orada çoxlu viruslar var və onda xəstəlikləri yaradan da həmin viruslardır. Onda olan virusları müalicə etdim, fizioterapiya etdim və ozonterapiyada etməklə onu sağaltdım. Mən artıq bu nəticəyə gəlmişəm ki, beldə və oynaqlarda olan ağrılar, qığırdaqların quruması, yeyilməsi hansılar ki, qabarmalara, yırtıqlara aparır, bunun səbəbi viruslardır, göbələklərdir və qurdların toksinləridir. Mən də belə xəstələri viruslar, toksinlər və göbələklərlə müalicə etməklə onları demək olar ki, sağaldıram. Bunu da adicə ozoneterapiya ilə edirəm. Bu tibb üzrə məşhur rus akademiki İvan Pavloviç Neumıvakinin üsuludur. O, bu üsulla kosmanavtlar göydən yerə enəndən sonra onları müalicə edərək, sağaldıb. Hətta o, ölüm ayağında olan xəstələri belə ozonterapiya ilə sağaldıb. İndi hal-hazırda Azərbaycanda bioloji təbabət çox yayılıb. Bu da bioloji təbabətin bir üsuludur. Mən çox istəyirəm ki, Azərbaycanda akademik İvan Pavloviç Neumıvakinin tibb sahəsindəki böyük kəşfləri lazım olan səviyyədə təbliğ olunsun. Bütün bunların da oynaq müalicəsində böyük əhəmiyyəti var.

- Axırıncı iki ildə Sumqayıtda çox böyük quruculuq işləri görülüb və bu işlər yenə də uğurla davam etdirilir. Bir sumqayıtlı ziyalı kimi siz bu haqda nə deyə bilərsiniz?

- Mən artıq 40 ildir ki, Sumqayıtda yaşayıram və heç vaxt belə böyük işlərin görüldüyünü görməmişəm. Hətta biz arada Bakıya köçmək istəyirdik. Amma indi Sumqayıt elə gözəlləşib, heç də Bakıdan geri qalmır. Mən gül-çiçək xoşlayan insanam. Sumqayıtdakı bu gül-çiçəyi görəndə çox sevinirəm. Sumqayıt bulvarı heç kimi ağlına gəlməyən surətdə gözəlləşib. Əlbəttə, bütün bunlar Sumqayıt şəhərinin İcra Hakimiyyətinin başçısı cənab Zakir Fərəcovun böyük ağlının və yüksək təşkilatçılığının sayəsində yaranıb. Biz sumqayıtlılar onu çox sevirik. Çünki o, Sumqayıtla nəfəs alır və bu şəhərin gözəlləşməsi, insanların firavan yaşaması üçün əlindən gələni edir. Zakir müəllim belə böyük uğurlu işləri ilə özündən əvvəl işləyən İcra Hakimiyyəti başçılarına sübut etdi ki, əgər onlar istəsəydilər şəhəri belə gözəlləşdirə bilərdilər. Sadəcə onlarda Sumqayıta sevgi az olub.Mən sumqayıtlılara demək istəyirəm ki, səhər tezdən dənizin sahilində çox gəzsinlər. Həm dənizdən hava ilə yod-brom qəbul etsinlər, qumda hərəkət etsinlər və həm də gəzməklə əsəblərini sakitləşdirib, bədənlərində olan fəsadlardan birdəfəlik qurtarsınlar. Mənim bir təklifim var. Dəniz sahilində yaşlı insanlar üçün bir rəqs meydançası yaratsınlar və onlar orada rəqs etsinlər. Çünki rəqs hərəkətləri etməklə yaşlı insanlar beldə və oynaqlarda olan ağrıları sağalda bilərlər. Bax Çin Xalq Respublikasında yaşlı insanlar üçün rəqs meydançaları yaradıblar. Bu da böyük effek verir. Dünyada olan və insanların sağlamlığına köməklik edən yaxşı şeyləri respublikamızda təbliğ etmək məncə həmvətənlərimizə böyük xeyir verər. Axı həyat gör-götür dünyasıdır.

Ağalar İDRİSOĞLU

Əməkdar İncəsənət Xadimi

P. S. Bir vaxtlar Sumqayıtdakı Para-Olimpiya Kompleksində işləyən Tünzalə Nurəliyeva həm də orada məşğul olan idmançıları da pulsuz müalicə edirdi. Onun yüksək səviyyəli müalicəsinin də həmin idmançıalra böyük köməkliyi olurdu və onlar Olimpiya, dünya və Avropa yarışlarında yaşxı yerlər tuturdular. Axı belə bir savadlı, peşəkar, respublikada öz müalicə merodu olan və bu metodla yüzlərlə xəstələri sağaldan həkimi oradan uzaqlaşdırmaq nə dərəcədə doğrudur? Bu hərəkəti edənlər görəsən nə fikrləşirlər? Məgər bununla onlar insanlarımızın sağlamlığına xələl gətirmirlərmi? Məgər onlar Sumqayıtdakı Para-Olimpiya Kompleksində məşğul olan idmançılarımızın sağlam olmasını istəmirlərmi? Axı ölkə başçımız cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva insanlarımızın sağlamlığı üçün lazım olan hər şeyi edirlər. Bəs onların yerlərdəki məmurları niyə belə biganə hərəkət edirlər?.. Bax bu sualların cavabını hələ ki, tapa bilmirəm. Bəlkə bu işə aidiyyatı olan insanlar, məmurlar mənim suallarıma cavab verərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə