Əli Məsimli: "Azərbaycanda emal sənayesi strukturu təkmilləşdirilməlidir"

“Azərbaycanda məhsulların texniki göstəricilərinin yaxşılaşdırılması və keyfiyyətinin artırılmasına böyük ehtiyac var”. SİA-nın xəbərinə görə, bunu Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli komitənin bu gün keçirilən iclasında “Texniki tənzimləmə” və “Standarlaşdırma” haqqında qanun layihələrinin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycanda bəzən elə məhsullar istehsal olunur ki, Sovet dövründə lağ edilən keyfiyyət nişanlarına şükür edirsən: “Çünki, elə məhsullar var ki, onlar uşaqların səhhətinə böyük ziyan verir. Bu baxımdan emal sənayesi strukturu təkmilləşdirilməlidir. Azərbaycan prezidenti dəfələrlə bu məsələyə toxunur və göstərişlərini verr. Əgər Azərbaycan Prezidentinin bu sahədə göstərişləri yerinə yetirilsə, o zaman böyük nailiyyətlər əldə etmək olar. Hətta emal sahəsi ilə bağlı xeyli dərəcə uğur qazanıb rəqabətdə udmaq da olar”.

Azərbaycanda qeyri-neft sektorunun 7-9 faizini ekspert məhsulları təşkil etdiyini deyən Ə.Məsimli bildirib ki, bu rəqəm çox azdır: “Bunu qat-qat artırmaq, Azərbaycanın yeni iqtisadi mərhələsinə mühüm töhfə vermiş olar. Ümumilikdə “Texniki tənzimləmə” və “Standarlaşdırma” haqqında qanun layihələrini dəstəkləyirəm. Lakin düşünürəm ki, qanunlar daha da təkmilləşdirilməlidir. Bildiyiniz kimi, Azərbaycan yeni iqtisadi inkişaf modelinə keçirir. Əgər yeni inkişaf modeli neft amilindən insan amilinə keçidi nəzərdə tutursa, o zaman biz rəqabətdən geri qalmamaq üçün innovativ mexanizmləri iqtisdiyyatımıza daxil etməliyik”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə