“Vurğuna vurğun gəlin”nin sevgi hekayəti

90 illik yubileyini qeyd etməyə hazırlaşan Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı yeni ilin ilk ayında öz seyrciləri ilə görüşə “Monotamaşalar paradı” ilə gəlib.

SİA-nın məlumatına görə, yanvarın 9-dan 16-dək teatrın “kiçik səhnə”si təqdim ediləcək paradın ilk tamaşası isə Əməkdar artist Lətifə Əliyevanın iştirakı ilə Z.Ziyadoğlunun “Vurğuna vurğun gəlin” əsəri olub. Tanınmış şair-dramaturq, Səməd Vurğun mükafatı laureatı Zaməddin Ziyadoğlunun görkəmli Azərbaycan şairi Səməd Vurğunun xatirəsinə həsr etdiyi pyes əsasında hazırlanan eyniadlı tamaşa kiçik səhnədə böyük təəssüratlar yarada bilib. Tamaşada Xalq şairi Səməd Vurğuna ümumxalq məhəbbəti öz əksini tapıb. Aktrisa oyunu ilə bu məhəbbəti həm aktyor oyununda nümayiş etdirə bilirdi həm də zalda əyləşən hər kəsə əsl sevgini aşılaya bildi. Əsəri həyati əsər də adlandırmaq olar. Çünki, zaman-zaman dövrün yazıb yaradan insanlarına xalqın, fərd olaraq hər hansı bir vətəndaşın hörmət və sevgisi bu tamaşada bütünlüklə öz əksini tapıb. Tamaşa ilə bağlı fikirlərini bizimlə bölüşən Əməkdar artist Lətifə Əliyeva bildirdi ki, tamaşanın ideya müəllifi elə özüdür. Düz 16 il əvvəl şairə bu mövzuda bir monoəsər yazmasını xahiş edib. Şair aktrisanın istəyi ilə əsəri yazır amma mənzum şeir, poema formasında. İlk dəfə tamaşanı 16 il əvvəl tamam fərqli formada oynayan aktrisa sonradan teatr və kinodakı işləri ilə əlaqədar bir də həmin tamaşaya qayıda bilmir. ADGTT-nın rəhbərliyinin təklifi ilə bu əsərə yenidən müraciət edən aktrisa tamaşanı öz dünyası, öz aləmi adlandırır. Yeni quruluşun rejissoru Gülnar Hacıyevadır. Söhbətimiz zamanı aktrisa qeyd etdi ki, ilk dəfə monotamaşa oynamaq arzusu 20 il əvvəl ulu öndər Heydər Əliyevin Qarabağ döyüşlərində iştirak edən xanımlarla görüşü zamanı yaranıb. Müharibənin qızğın vaxtında qəhrəman Azərbaycan qadınları ilə prezidentin görüşündən təsirlənən aktrisa Rafiq Rəhimlidən qəhrəman qadın obrazını əks etdirən monoəsər yazmasını xahiş edib. Bu əsər Ağakişi Kazımovun quruluşunda maraqla qarşılanıb. Aktrisa bildirir ki, bu gün “Monotamaşalar paradı” çərçivəsində açılış günü mənim tamaşamın təqdimi teatr rəhbərliyinin mənə etimadı kimi dəyərləndirilməlidir. Bu monotamaşa daxili dünyamın və içimdəki Səməd Vurğun sevgisinin təzahürüdür. Əsər içimdəki tufanı gözəl şəkildə təsvir etməyə imkan yaradır. Şükür ki, tamaşa bəyənildi və məni dəstəkləyən, tək qoymayan bütün sənət dostlarıma, görkəmli sənət və elm adamlarıma təşəkkürümü bildirirəm. Bir daha teatrın rəhbərliyinə, texniki heyətə mənə qarşı diqqətə, tamaşanın uğurlu alınması üçün göstərilən yardımlara görə minnətdarlığımı bildirirəm. Böyük sevgi üzərində qurulan bir aktyorun oyunu tamaşaçılar tərəfindən böyük alqışlarla qarşılanıb. Tamaşaçılar “Vurğuna vurğun gəlin”i çiçək yağışına qərq ediblər.

Qeyd edək ki, “Monotamaşalar paradı” çərçivəsində yanvarın 10-da aktrisa Mehriban Abdullayevanın iştirakı ilə U.Luisin əsəri əsasında “İstədiyim kimi yaşamışam”, 11-də Əməkdar artist Şövqi Hüseynovun “Dəlinin qeydləri” (N.V.Qoqol) , 12-də Əməkdar artist Kəmalə Hüseynovanın “Cəza” (T.Vəliyeva), 16-da aktrisa Küşvər Şərifovanın “Sonsuzluğun sonu” ayın 17-də isə Əməkdar artist Nofəl Vəliyev F.Dostoyevskinin «İdiot» əsəri əsasında hazırlanmış monotamaşaları teatrsevərlərə təqdim edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə