Əbülfəs Qarayev TÜRKSOY-un nümayəndə heyəti ilə görüşüb FOTOLAR

mədəniyyət və turizm naziri Əbülfəs Qarayev TÜRKSOY-un baş katibi Düsen Kaseinovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

SİA-nın məlumatına görə, TÜRKSOY-un nümayəndə heyəti Molla Pənah Vaqifin 300 illik yubileyi və Kabardin-Balkar şairi Qaysın Quliyevin 100 illiyinə həsr olunmuş tədbirlərdə iştirak etmək məqsədilə ölkəmizə gəlib.

Qonaqları salamlayan nazir Əbülfəs Qarayev TÜRKSOY-un fəaliyyətinin bütövlükdə türkdilli xalqların birliyinə xidmət etdiyini dedi. Bildirdi ki, türk mədəniyyətini, xalqlarımızın milli adət-ənənələrini beynəlxalq aləmə birlikdə çıxarmalıyıq.

Düsen Kaseinovu yenidən təşkilatın rəhbəri seçilməyi münasibətilə təbrik edən nazir qurumun səmərəli fəaliyyətinin bundan sonra da davamlı olacağına ümidvar olduğunu diqqətə çatdırıb. Vurğulanıb ki, UNESCO və İSESCO ilə də sıx əməkdaşlıq edən TÜRKSOY müxtəlif beynəlxalq forumlarda yaxından iştirak edir, türkdilli xalqların mədəniyyətinin təbliğini həyata keçirir: “2017-ci il təşkilat üçün çox aktiv il olmuşdur. Çoxsaylı tədbirlər həyata keçirilmiş, görkəmli şəxsiyyətlərin yubiley tədbirləri, mədəniyyət paytaxtları elan olunmuş şəhərlərdə türk tarixinin araşdırılması istiqamətində, türk xalqları arasında dostluq və qardaşlıq əlaqələrinin möhkəmlənməsinə yönəlmiş tədbirlər reallaşdırılıb”.

TÜRKSOY-un Azərbaycanla əlaqələrinin daha da davamlı olacağına əminliyini bildirən nazir son illərdə ölkəmizdə mədəniyyət və turizm sahələrində gerçəkləşən yeni layihələr və islahatlar haqqında qonaqlara məlumat verib.

Düsen Kaseinov səmimi qonaqpərvərliyə görə nazirə təşəkkürünü bildirib. Təşkilatın 2018-ci ildə həyata keçirəcəyi layihələr haqqında məlumat verən baş katib gələn il Azərbaycanla bağlı çoxsaylı tədbirlərin reallaşacağını diqqətə çatdırıb. Qeyd olunub ki, Qazaxıstanın Türküstan şəhərində TÜRKSOY-un mədəniyyət nazirləri Daimi Şurasının 35-ci toplantısının yekun bəyannaməsində 2018-ci ilin görkəmli Azərbaycan bəstəkarı Qara Qarayev, Qazaxıstanın Xalq şairi Mağjan Jumabayev və tanınmış qırğız yazıçısı Çingiz Aytmatovun xatirəsinə "Anma ili" elan edilməsi qərara alınıb.

Müasir Humanitar Akademiyanın Nalçik filialının direktoru, Qafqazın elm, təhsil və biznes üzrə İctimai Akademiyasının prezidenti, professor Aliy Atabiyev, Karaçay-Çərkəz Respublikasının (Rusiya Federasiyası) Xalq şairi, “Mingi-Tau” ədəbi-bədii və ictimai-siyasi jurnalının baş redaktoru, Rusiya Lermontov Komitəsinin həmsədri Askar Doduyev, Kabardin-Balkar Respublikası (Rusiya) Yazıçılar İttifaqının sədri Mutalip Beppayev və başqaları Azərbaycanda olduqlarından məmnunluqlarını ifadə etdilər. Azərbaycanla bundan sonra da ədəbi, mədəni və turizm sahəsində əlaqələrin inkişaf etdirilməsinin vacibliyini bildiriblər.

Görüşün sonunda Qaysın Quliyevin TÜRKSOY tərəfindən çap edilmiş kitabı və şairin adını daşıyan medal nazirə təqdim olunub.

loading...