Əli Kərimlinin yeni sərgüzəştləri üzə çıxır

Cəmiyyət tərəfindən tamamilə rədd edilən dağıdıcı müxalif ünsürlərin bəzi təmsilçiləri, etiraf edirlər ki, mövcud iqtidarla siyasi mübarizə aparmağa belə gücləri yoxdur. Onlar bunun səbəbini düzgün siyasət aparmamaları və müəyyən məslələrdə xarici donor təşkilatları ilə məsləhətləşmələri ilə əlaqələndirirlər. Məhz başlıca problem müxaliflərin xarici qüvvələrlə iş birliyinə getmələridir. Çünki bu gün Azərbaycanın sürətli sosial-iqtisadi inkişafını gözü götürməyən erməni təşkilatları və ermənipərəst qüvvələr var və onlar müxalifətə istədiyi vəsaiti böyük həvəslə ayırırlar. Ancaq faktlara və baş verən proseslərə əsasən, birmənalı şəkildə, demək olar ki, xaricdə oturan və oradan dağıdıcı müxalifəti istədikləri kimi idarə edən qüvvələrin bu dəfə də iflasla üzləşəcəkləri şübhəsizdir. Baxmayaraq ki, hələ də, bəzi müxalif partiya sədrləri ifşa olunduqları ilə barışmayaraq, müxtəlif şoular yaratmaqla, uduzmağa hazır olmadıqlarını nümayiş etdirməyə çalışırlar. Hətta Müsavat başqanı A.Hacılı və AXCP sədri Ə.Kərimli mitinqlər keçirməklə, hələ də yaşamaq və fəaliyyət göstərmək limitlərinin tükənmədiyini bəyan edirlər. AXCP sədri Ə.Kərimli müavini Gözəl Bayramlının və Fuad Qəhrəmanlının həbs olunmasından sonra iddialı açıqlama ilə çıxış edib. Bu, onu göstərir ki, Ə.Kərimli güdaza verdiyi müavininin həbsindən siyasi dividend əldə etməyə və bununla da, bir daha xarici qüvvələrin diqqətini özünə cəlb etməyə çalışır. Sosial şəbəkələr vasitəsi ilə Ə.Kərimli bu anormal metodunu yenilik kimi təqdim etməyə cəhdlər göstərir. Amma dərk etmir ki, yenilik yalnız ikinci - üçüncü tip şəxslərin müdafiəsi altında xarici qüvvələrə yarınmaq deyil, bütövlükdə, ideologiya dəyişməli, müstəqil və demokratik idarəetmə sistemi qurulmalıdır. Hazırkı müxalifət funksionerlərinin siyasi imici həddən artıq korlanmış durumdadır.

Siyasi imici korlanmış müxalifət

Neçə müddətdir ki, Ə.Kərimlinin Avropa ölkələrinə baha qiymətə sırıdığı "siyasi mühacirlər" bir-bir ifşa olunduqca. onların arasında gərginlik artır. Gərginlik artdıqca, açılan sirlərin də sayı çoxalır, nəticədə, Ə.Kərimlinin və A.Hacılının əməlləri ifşa olunur. Onlar ünvanlarına yağdırılan ittihamların qarşısında aciz vəziyyətdə qalırlar. Bütün bunlara əsaslanaraq, demək olar ki, xarici qüvvələrdən asılı olan müxalifət artıq parçalanma dövrünü başa vurub, məhvolma mərhələsinə adlayıb. Müxalifət qazanının dibini yalayan ekspertlər də, etiraf edirlər ki, ciddi iradə ortaya qoyub, dəyişikliklərə gedilməsə, müxalifət partiyaları daxilində qeyri-müəyyənliyə gətirib çıxaran anormal vəziyyət düşərgədə ciddi problemlərin yaranmasına gətirib çıxaracaq. Ə.Kərimli ilə siyasi yarışda fərqlənməyə çalışan Müsavat başqanı A.Hacılı da boynundan böyük təkəbbürlü açıqlamalarla çıxış edib. A. Hacılı bildirib ki, yaxın vaxtlarda müxalifətin birgə mitinqinin keçirilməsi üçün partiya sədrləri ilə məsləhətləşmələr aparılır. Ancaq A.Hacılı hansı partiya və hansı sədrlə danışıqlar apardıqlarını qeyd etməyib. Bu isə, onu deməyə əsas verir ki, A.Hacılı yalan danışır, mitinqlər keçirmək üçün hər hansı partiya sədri ilə telefon söhbətləri olmayıb, nəinki görüşüb danışıqlar aparsın. Çünki KAXCP, ADP, "Ümid" və bu kimi digər partiya sədrlərinin son günlər verdikləri müsahibələrə və açıqlamalara nəzər yetirdikdə, onların A.Hacılının istəyinə işarə vuran bir kəlmə də söz və ya ifadə yoxdur. Deməli, A.Hacılını danışdıran, sadəcə, xarici qüvvələrdir. Çünki bu versiya olmasa, A.Hacılı iddialı fikirlər səsləndirə bilməz. Buna onun, sadəcə, cəsarəti çatmaz. Eks-spiker Rəsul Quliyevin dili ilə desək, müxalifət o cəsarətin sahibi deyil ki, xarici himayədarları ilə məsləhətləşmədən hansısa iddialı fikir irəli sürsünlər. R.Quliyev bir qədər əvvəl həmfikirlərini ittiham edərək, onu da bildirmişdir ki, 20 ildir müxalifətçilik edən liderlərin özlərinə bəraət qazandırmaq üçün göstərdikləri səbəblər başadüşülən deyil: "Bu, ən zərərli ideyadır. Bu ideya ilə istənilən məğlubiyyətə haqq qazandırmaq olar.

Heç kim "Yeltsin tankın üstünə çıxdığına görə qalib gəldi" - deməz. Tarixin təkəri fırlanır. Fakt "filankəs uddu, filankəs məğlub oldu" söhbətindən gedir. Fəlakət ondadır ki, ideya müəllifi olan liderlər bu sözləri bir neçə dəfə deyəndən sonra özlərinin heç bir günahları olmadığına inanır, yenidən qollarını çırmayıb, "5 ildən sonra biz udacağıq" deməyə hazırlaşırlar. Bu, artıq 20 ildir təkrar olunur. Bu tipli fikirlər xalq arasında çoxdan geniş yayılmış lətifələrə çevrilib."

Proseslər dağıdıcı müxalifətin əleyhinə işləyir

"ACP"-nin keçmiş lideri R.Quliyevin fikirlərinə və digər müxalif partiya sədrlərinin susqunluğuna əsaslanaraq, demək olar ki, A.Hacılının və Ə.Kərimlinin mitinq keçirmək istək və arzularına müxalifət partiyaları tərəfindən dəstək yoxdur. Bu, isə onu bir daha təsdiq edir ki, sözügedən dağıdıcı ünsürlər mitinqlər keçirsələr belə, xarici qüvvələrin tələbləri reallığa çevrilməyəcək. Xatırladaq ki, bir qədər əvvəl, "Yurddaş" partiyasının sədri Mais Səfərli müxalifətin mitinlqlərə hazırlşmasına münasibət bildirərkən, "Səs" qəzetinə açıqlamasında qeyd etmişdir ki, Müsavat və AXCP kimi partiyalar mitinqlər planlaşdırmaqla özlərinə tərəfdar toplaya biləcəklərini düşünürlər: "Azərbaycan cəmiyyəti olduqca düşüncəlidir. Yəni Azərbaycan cəmiyyəti pisi-yaxşıdan ayırmağı bacarır. Ölkə vətəndaşları radikal müxalifət qüvvələrinin çağırışlarına və bir qayda olaraq, keçirilən mitinqlərə rədd cavabı verirlər. Bu dəfə də radikal müxalifət təmsilçiləri tərəfindən planlaşdırılan mitinqlər uğursuzluğa düçar olacaq. Çünki həmin qüvvələrin heç bir siyasi gücü yoxdur ki, nəyəsə nail ola bilsinlər".

Baş verən proseslər dağıdıcı müxalifətin əleyhinə işləyir. Baxmayaraq ki, xarici fondlar və maraqlı qüvvələr tərəfindən onlara geniş maddi və mənəvi dəstək mövcuddur. Amma buna baxmayaraq, onlar bir şeyi unudurlar: son sözü xalq deyir. Xalq isə indiki dağıdıcı müxalifətə sözünü hələ 1993-cü ildə deyib. Xalqın dəstəyindən məhrum olan fərdlər, qruplar və təşkilatlar məhvə məhkumdur. Necə ki, artıq bu ab-hava müxalifətin başı üstündə əsməkdədir.

İ.ƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...