REAL-dan “Milli Şura”ya “qurşaqaltı zərbə”

Yaxud, hərəkat rəhbərliyi Cəmil Həsənlinin təklifini niyə rədd etdi?

AXCP -“Milli Şura” cütlüyünün sədri Cəmil Həsənlinin Əli Kərimlinin təlimatı əsasında bir neçə gün öncə adıçəkilən qurumda təmsil olunmayan siyasi təşkilatları birgə mitinqdə iştiraka dəvət etməsi onların istədiyi nəticəni vermədi. Misal üçün, daha öncə AXCP sədri Ə.Kərimlinin müsavatçıların üzərindən aksiya keçirmək cəhdinin üzə çıxması və bu məsələdən sonra yaranan ziddiyyətlər planlaşdırılan mitinqin baş tutmayacağı haqqında maraqlı fikirləri meydana çıxardı. Hətta bu gün Müsavatın başqanı Arif Hacılı “Milli Şura”nın mitinqinə qatılacaqlarını desə də, ortada ciddi qərarın olmadığı göz önündədir.

REAL “Milli Şura”ya hüquq dərsi də keçib?

“Milli Şura” Müsavatla yanaşı, ümidini REAL hərəkatına da dikmişdi. Ancaq Müsavatdan fərqli olaraq, hərəkat rəhbərliyi daha sərt mövqe nümayiş etdirərək, qəti “yox” cavabını verib. Məsələn, REAL rəhbərliyi rəsmi cavab məktubunda qeyd edib ki, təşkilat “Milli Şura”nın təşkil etdiyi mitinqlərdə qurum olaraq, eyni zamanda təşkilatçılarından biri kimi iştirak etməyəcək. Üstəlik, “Milli Şura”ya hüquq dərsi də keçən hərəkat rəhbərliyi yazıb: “Mitinqləri, kütləvi aksiyaları təşkil etmək siyasi təşkilatların fəaliyyət istiqamətlərindən biridir, hər bir təşkilatın kütləvi aksiyalar keçirmək hüququ var”.

Lakin bunun ardınca, hərəkat rəhbərliyi həlledici “qurşaqaltı zərbəsini” endirib və yazıb ki, REAL təşkilatı yarandığı ilk gündən bütün qərarları kollektiv şəkildə, ciddi müzakirələrdən sonra verib və bu dəfə də çox ciddi, hərtərəfli müzakirələrdən sonra REAL təşkilatı “Milli Şura”nın təşkil etdiyi mitinqlərdə qurum olaraq, təşkilatçılarından biri kimi iştirak etməyəcək.

Belə bir “dəstəyin” effekt verəcəyini düşünmək sadəcə sadəlöhvlük olardı

Düzdür, hərəkatın rəhbərliyi necə deyərlər, “xala, xətrin qalmasın” xatirinə REAL-çıların fərdi qaydada aksiyaya qatılmalarına əngəl yaratmayacaqlarını desələr də, görünən budur ki, heç bir hərəkat üzvü əgər rəhbərliyi qatılmayacaqsa, “Milli Şura”nın mitinqinə getməyəcək. Bununla da Ə.Kərimli-C.Həsənli cütlüyünün ciddi problemlər yaşayacağını bəri başdan demək mümkündür. Çünki bənzər hal müsavatçılarla da yaşanır ancaq bir az fərqli formada. Belə ki, müsavatçılar seçkini boykot etmir və tərəfdarlarının seçkilərə qatılıb, səs vermələrinin əleyhinə deyillər. Ancaq “Milli Şura”nın mitinqinə könülsüz olsa da qatılacaqlar. Ümumiyyətlə, belə bir “dəstəyin” effekt verəcəyini düşünmək sadəcə sadəlöhvlük olardı. Üstəlik, REAL-ın bəlli “zərbəsi” artıq nəyin-necə olduğunu aşıq-aşkar sərgiləyir. Ümumiyyətlə, pafoslu çağırışları ilə sosial şəbəkələrdə var-gəl edən “Milli Şura” rəhbərliyi növbəti rüsvayçılığa imza atmağa doğru sürətlə irəliləməkdədir.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...