“Deutsche Welle” rusca yayımı bərpa edir

Almaniyanın “Deutsche Welle” media şirkəti rus dilində radio yayımını bərpa edir. Beləliklə, “Deutsche Welle” proqramı hər axşam orta dalğalarda Vilnüsdən yarım saat yayımlanacaq.
SİA bu barədə rus saytlarına istinad edir.

Cümə günü, iyulun 1-dən Almaniyanın “Deutsche Welle” media şirkəti Rusiya və Belarusda qəbul edilə bilən orta dalğalarda yayıma başlayır. Hər axşam Moskva vaxtı ilə 21.00-dan 21.30-a qədər rus dilində “Deutsche Welle” proqramları 1386 kHz tezliyində yayımlanacaq, iyul ayında bunlar DW News və To the Very Point televiziya şoularının radio versiyaları olacaq.

Orta dalğalarda yayım “Azadlıq” radiosu ilə birgə layihədir. Onun verilişləri Moskva vaxtı ilə gecə yarısına qədər eyni tezliklərdə yayımlanacaq. Vilnüsdən radio siqnalını işə salan texniki partnyor "Radio Baltic Waves International" beynəlxalq yayım şirkətidir.

Qeyd edək ki, bu il fevralın 3-də Rusiya hakimiyyəti ölkədə “Deutsche Welle”-yə qarşı sanksiyalar tətbiq etdi. “Deutsche Welle”-nin Moskvadakı müxbir ofisi bağlanıb, “Deutsche Welle”-nin Rusiya bürosunun əməkdaşları akkreditasiyadan məhrum edilib, alman media şirkətinin Rusiyada peyk və digər yayımı qadağan edilib. “Deutsche Welle”-nin baş direktoru Peter Limburq Rusiya hakimiyyətinin bu qərarını tənqid edərək, bunun “anlaşılmaz” olduğunu əlavə edib və Rusiya Federasiyasında baş verən hadisələri işıqlandırmağa davam edəcəyinə söz verib. Martın 28-də “Deutsche Welle” Rusiya Federasiyası Ədliyyə Nazirliyinin media-xarici agentlərin reyestrinə daxil edilib.

Yeri gəlmişkən, Almaniya hökuməti Rusiya hakimiyyətinin bu addımını pisləyib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə