Prezident Rəcəb Tayyib Ərdoğanın rəsmi səfər çərçivəsində Türkiyədə olan Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd ibn Salman ilə təkbətək görüşündən sonra iki ölkənin imzası ilə birgə bəyanat yayılıb.
SİA bu barədə Türkiyə saytlarına istinad edir.
Türkiyə-Səudiyyə Ərəbistanı birgə bəyanatında deyilir: “Danışıqlar zamanı ikitərəfli münasibətlərdə, o cümlədən siyasi, iqtisadi, hərbi və təhlükəsizlik sahələrində əməkdaşlığın yeni dövrü başlandı.
Tərəflər regionun gələcəyinə xidmət etmək üçün tarixi qardaşlıq əsasında əməkdaşlığı inkişaf və davam etdirmək əzmində olduqlarını vurguladılar.
Ticarətin asanlaşdırılması, investisiya imkanlarının araşdırılması və bu əlaqələrin inkişaf etdirilməsi üçün kommunikasiyanın artırılması imkanları müzakirə edilib.
Məhkəmə ekspertizası, elmi, turizm, səhiyyə, mülki aviasiya, milli təhlükəsizlik, enerji və iqlim dəyişikliyi ilə mübarizə sahələrində əməkdaşlıq məsələləri danışılıb”.
Qeyd edək ki, vəliəhd şahzadə Məhəmməd ibn Salman prezident Rəcəb Tayyib Ərdoğanın qonaqpərvərliyinə, ona və nümayəndə heyətinə göstərilən yaxınlıq və sevgiyə görə təşəkkürünü bildirib
Bütün xəbərlər Facebook səhifəmizdə