Rusiyanın şərtləri ilə tanış olan... nəinki Fransa və ya Almaniya liderləri, hətta Cozep Borrell də münaqişənin yalnız hərbi yolla həll olunacağını bildirmişdi
Rusiyanın məqsədi nədir?

Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya bir daha Qərb ölkələrinin Ukraynaya silah ötürməklə növbəti müharibə cinayəti törətdiklərini bildirib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə TASS məlumat yayıb.

Nebenzyanın dediynə görə, Ukraynanın potensialını və Rusiyaya müqavimət göstərmək qabiliyyətini gücləndirmək məqsədi ilə Kiyevə silah göndərməklə, guya Qərb “sülhsevər Kremlə qarşı” daha bir hərbi cinayət törədir.

Maraqlıdır ki, daimi nümayəndə fakt da göstərir. O deyir ki, Ukrayna hərbçiləri bu silahlardan Donbassın dinc məhəllələrini atəşə tutmaq üçün istifadə edəcəklər.

Nebenzyanın sözlərinə görə, nə Beynəlxalq Cinayət Məhkəməsi, nə də Qərb 2014-cü ildə hakimiyyətə gələn Kiyev rejiminin törətdiyi çoxsaylı cinayətlərə məhəl qoymur.

Bununla bağlı daimi nümayəndə vaxtilə Maydanda etirazçılara və təhlükəsizlik qüvvələrinə atəş açan “naməlum snayperlər”in, özünün də qeyd etdiyi kimi, “unudulmuş” işinə diqqət çəkib.

Qeyd edək ki, bir neçə gün bundan əvvəl Rusiya Federasiyası xarici işlər nazirinin müavini Sergey Ryabkov Vaşinqtona, onun Ukraynaya hər hansı silah tədarükünün ABŞ və Rusiya arasında birbaşa toqquşmaya səbəb ola biləcəyinin xəbərdarlığını edib.

Yeri gəlmişkən, bir müddət bundan əvvəl ABŞ-dan Ukraynaya yeni, on birinci hərbi yardım paketi 700 milyon dollar dəyərində qiymətləndirən Ağ Ev, onun tərkibində “HIMARS” çoxsaylı buraxılış raket sistemləri olacağını da bildirmişdi. Təbii ki, bunlar artıq reallaşmaq üzrədir.

Amma, yenə də maraqlıdır, Rusiyanın Ukraynada hər gün qarşılıqlı insan itkiləriylə müşahidə edilən hərbi əməliyyatları aparmaqda məqsədi nədir?

Xatırladaq ki, yenə bir müddət bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukraynada keçirdikləri əməliyyatların məqsədinin Amerika Birləşmiş Ştatları və onun nəzarətində olan digər Qərb ölkələrinin dünyadakı hegemonluğuna son qoymaq olduğunu söyləmişdi.

Qeyd edək ki, “Rossiya-24” dövlət telekanalına verdiyi müsahibələrinin birində Ukraynadakı müharibə ilə bağlı danışan Lavrov bunları demişdi: “...Ukraynada Rusiyanın hərbi əməliyyatlarının məqsədi ehtiyatsız ekspansiyaya - ABŞ və onun tabeliyində olan digər Qərb ölkələrinin beynəlxalq arenada tam hegemonluq anlayışına son qoymaqdır”.

Lavrova görə, bu hegemonluq beynəlxalq hüququn kobud şəkildə pozulması ilə qurulub.

Daha bir maraqlı nüans Lavrovun müsahibə zamanı səsləndirdiyi neonasist və ultra-radikalların Rusiyanın daxilinə sirayət etməsi ilə bağlıdır. Rusiyalı nazirin sözlərinə görə, Pentaqon xəttində bioloji hərbi laboratoriyalar yarandıqca, bioloji silahlar üçün eksperimentlər aparıldıqca, bu təhlükələrə reaksiya verməmək mümkün deyil.

...Amma sən demə, bütün bu yaşantılardan əvvəl də, Rusiya “sülh tərəfdarı” kimi danışıqlara üstünlük verirmiş...amma, təbii ki, öz şərtləri ilə...

...Gərək ki, xatırlamış olarsınız, belə ki, bir müddət bundan əvvəl Rusiyanın şərtləri ilə tanış olan... nəinki Fransa və ya Almaniya liderləri, hətta Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə xüsusi nümayəndəsi Cozep Borrell də münaqişənin yalnız hərbi yolla həll olunacağını bildirmişdi. Çünki, onlara görə, Rusiyanın, dəqiq desək Putinin Ukraynaya qarşı irəli sürdüyü şərtlər qəbuledilməzdir.

Maraqlıdır, Moskvanın Amerika Birləşmiş Ştatları və onun Qərbdəki “əlaltı ölkələri”nin dünyadakı hegemonluğuna son qoymaq istədiklərini deyən Lavrov, vaxtilə Avropada “jandarma” rolunu oynayan Rusiyanın yenidən bu mövqeyə qayıtmaq istəyini, görən gizlətmir ki?

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə