Fırtınalar şənbə gününə qədər davam edəcək -XƏBƏRDARLIQ

Yunanıstanda leysan yağışları, fırtınalar şənbə gününə qədər səngiməyəcək. SİA xəbər verir ki, bu barədə Euronews məlumat yayıb, xəbərdarlıq edib.

Qeyd olunur ki, cümə axşamı Yunanıstana güclü yağışlar yağıb. Afinada və digər şəhərlərdə yüzlərlə binanı su basıb, nəqliyyat iflic vəziyyətə düşüb və paytaxtın yanğınsöndürmə xidmətinə evlərdən su çəkmək üçün 300-dən çox müraciət daxil olub. Nəşr bildirir ki, onlarla maşın yollarda sıxışıb qalıb və sərnişinlər maşınlarını oradaca qoyaraq tərk ediblər.

Mülki Müdafiə və İqlim Dəyişikliyi Naziri Xristos Stilianidisin sözlərinə görə, xilasedicilər hətta insanları damdan çıxarmaq üçün vertolyotlardan istifadə etməyə də hazırlaşıblar.

"Ölkənin müəyyən bölgələrində ciddi ölçülər götürməyə vadar edən təhlükəli bir hava fenomeni ilə üzləşdiyimizə şübhə yoxdur", deyə Stilianidis bildirib.

Xatırladaq ki, hökumət qəzaların qarşısını almaq üçün zərər çəkmiş bölgələrdə yaşayanların cib telefonlarına yunan və ingilis dillərində xəbərdarlıq siqnalları göndərir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə