Populist vədlərə söykənən erməni iqtisadiyyatı...

Bu dəqiqə Ermənistandakı yaşantılar mənə rus təmsilçisi İvan Krılovun “Sazəndələr”ini xatırladır: yəni hərə bir tərəfə çəkir, əksər siyasi lider olmaq istəyənlər də öz tezislərinin doğru olduğunu sübut etməyə çalışırlar. Deyim ki, bu “özünütəsdiqə” erməni siyasətçilərlə yanaşı ermənilərin iqtisadçıları da baş vurmağa başlayıblar.

Beləliklə, ötən gün erməni junalistləri başına yığıb seçkilərə qatılan partiya və bloklar haqqında danışan Ermənistan Mərkəzi Bankının keçmiş rəhbəri, iqtisadçı Baqrat Asatryan ölkədə baş nazir olmaq istəyənlərin praktiki olaraq heç bir iqtisadi proqrama sahib olmadıqlarını bildirib.

Onun sözlərinə görə, seçki kampaniyaları dövründə namizədlərin heç biri, praktik olaraq, seçki proqramlarının iqtisadi tərkib hissələrinə toxunmadılar. İqtisadçı bunu onların ölkənin gələcək iqtisadi inkişafı ilə bağlı hər hansı bir proqrama malik olmamaları ilə əlaqələndirmək istəməsə də, amma reallıqlar ona bunu deməyə əsas verdiyini də gizlətməyib.

Təbii ki, iqtisadiyyatın inkişafı ilə bağlı düşünülməmiş və ya balanssız bir qərar Ermənistanı bundan sonra daha da dilənçi kökünə sala bilər.

Qeyd edək ki, Asatryan dediklərini əsaslandırmaq üçün Paşinyan hökumətindən nümunə gətirib. Onun dediyinə görə, 2018-ci ildə hakimiyyətə gələn Nikol Paşinyan ilk olaraq ölkədəki təqaüdlərin miqdarını bir neçə min dram qaldırdı. Bundan əlavə o, 2020-ci il yanvar ayının 1-dən isə minimum əmək haqqını 55 min dramdan 68 min drama qaldırdı. Təbii ki, qaldırmaq asandır. Amma bu artımlar nəylə ödənilməlidir? Belə ki, Nikol hakimiyyətinin 3 ili ərzində Ermənistanın dövlət borcu bu ödəmələr hesabına 2 milyard dollar da artdı...

Asatryana görə, bu gün hökumət əsaslı xərclərə deyil, cari borclara xərclənən böyük borclar çəkir ki, deyəsən bunu sonu hələ də görünmür...

Məsələ bundadır ki, seçki kampaniyası zamanı Paşinyan 2026-cı ilə qədər ölkədəki minimum əmək haqqını bu dəfə 68 min dramdan ən azı 85 min drama qaldıracağı barədə erməni seçicilərinə söz verib. Maraqlıdır ki, Nikol pensiyaların orta ölçüsünü indiki 43,5 min dramdan ən azı 61 min darama qaldıracağı barədə də vəd edir... “bu dəfə deyən gərək, nəynən, ay Nikol?”

...Yaxşı, deyək ki, Nikol iqtisadçıları yaxın beş il üçün ölkədə orta illik 7 faiz iqtisadi böyümə ehtimal edirlər, bəli, ehtimal edirlər, hansı ki, bu yuxarıdakı rəqəmlərə heç cür uyğun gəlməyən bir böyümədir...

...Məsələ bundadır ki, seçkidə qalib olmaq üçün yalan vədlər vermək olar, amma bütün bunlar əsassızdır. Ölkədəki əsil reallığa diqqət çəkən Asatryan bu gün Ermənistnda təkcə qida məhsullarının 8 faiz bahalaşdığını diqqətə çatdırıb. Onun fikrincə, bu o deməkdir ki, vətəndaşların sosial vəziyyətinin pisləşməsi prosesi hər gün sürətlənir. 2020-ci ilin sonunda ÜDM-ə olan milli borcun təxminən 63-64 faiz təşkil etdiyini bildirən sabiq bankirə görə, yeni öhdəliklər olmadıqca iqtisadiyyatın inkişafından da danışmağa dəyməz. Çünki ölkədə maliyyələşdirməyə ehtiyac var və daxili imkanlar yetərli deyil, buna görə də hökumət yaxınlarda yeni borc cəlb etməli olacaq.

...Yeri gəlmişkən, Asatryan Ermənistanda baş nazir olmaq istəyən sabiqlərin də “iqtisadi proqramlarının” populist vədlərdən başqa bir şey olmadığını bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...