Son günlərdə Suriya mövzusu yenidən dünya mediasının başlıqlarına çıxıb və təhdid dolu konturlar almağa başlayıb. Fakt budur ki, Suriyanın şimal-qərb bölgəsində, İdlibdə, Türkiyə zirehli maşınları davamlı bir axın halını alıb. Artıq 1000 ədəd tank, artilleriya, əsgərlər olan yük avtomobilləri cəlb edilib və axın hələ də dayanmır. Türkiyənin Əsəd qüvvələrinə qarşı böyük bir hərbi əməliyyata hazırlaşdığı görünür.
Belə bir əməliyyatın geniş miqyaslı bir hücuma çevriləcəyi ssenarisi əvvəlcədən gözlənilməyən bir nəticə deyil. Əksinə tam mümkün bir haldır. Ərdoğan Suriya rəhbərliyinə ultimatum da verib. Fevralın 5-də o qeyd edib ki, Türkiyənin hazırda 12 müşahidə postundan ikisi rejimin cəbhə xəttinin arxasında yerləşir. Hətta vurğulanıb ki, fevral ayının sonuna qədər rejim müşahidə postlarını tərk etməsə, rejim geri çəkilməsə, Türkiyə məsələləri öz əlinə almağa məcbur olacaq.
İdlibdə Əsəd kimlə vuruşur?
Əsədin son həftələrdə Rusiya və İran qüvvələri, habelə İran tərəfdarı olan hərbçilər tərəfindən dəstəklənən İdlib bölgəsinə etdiyi hücumu, ilk növbədə, Xəyyət Təhrir əş-Şam qruplaşmasına qarşı yönəlib. Onun əsası İdlibdə yerli hökumətləri məhv edən, şəhər və qəsəbələrə vergi qoyan və razı olmayanların hamısını təqib edən "Əl-Qaidə" nin Suriya bölməsi olan "Cebhat əl-Nusra" təşkilatından olan yaraqlılardır. 20 mindən çox hərbçi təkcə bölgəyə nəzarət etmir, həm də Əsədin işğal etdiyi ərazidə partizan-təxribat reydləri keçirir.
Bunlardan əlavə, İdlibdə Suriya Milli Ordusunun, İslamçı qrupların - silahlı cihadın tərəfdarları və Əsəd əleyhinə qiyam zamanı yaradılan və hazırda Türkiyə zabitləri tərəfindən idarə olunan türkdilli millətçilər də var. Əsəd əleyhinə qüvvələr çoxdur. Əsəd üçün İdlibə nəzarət müxalifətin son məğlubiyyəti və Suriya üzərində nəzarəti bərpa etmək üçün vacib bir addımdır.
Niyə hadisələr Türkiyəni narahat edir?
2011-ci ildə Suriyadakı üsyan başlayandan bəri Türkiyə Əsədlə mübarizədə iştirak edən islamçı qüvvələri az - çox dəstəkləyib. Ərdoğan müvəffəq olaraq bir sıra müxalif qruplardan da istifadə edib. Çox güman ki, Suriyada özünə dost bir rejimin olmasından da imtina etməzdi. Ancaq bu günə qədər müxalif qüvvələrin nəzarətində olan bölgələr azalıb və ya bu bölgələr Əsəd tərəfdarları tərəfindən alınıb. Ancaq Ərdoğan bəzi müxalif qrupları öz müttəfiqləri olaraq görməyə davam edir.
Türkiyənin daha bir məqsədi Suriyaya on minlərlə kilometrə qədər dərinliyə gedən bütün 800 kilometrlik Türkiyə-Suriya sərhədi boyunca Kürd Milli Özünümüdafiə Qüvvələrindən bir maneə bölgəsi yaratmaqdır. Ərdoğanın Suriyada belə bir bölgə yaratmaq üçün etdiyi sərhəd əməliyyatları Türkiyədə çox məşhurdur. Rəy sorğularına görə, onun bu strategiyası türklərin dörddə üçü tərəfindən dəstəklənir və prezident Rəcəb Tayyib Ərdoğanın reytinqinin artmasına öz töhfələrini verir. Bundan əlavə, Türkiyə həm "Əsəd, həm də PKK-nın təmsil etdiyi kürd qüvvələrinə qarşı çıxan türk məmurları tərəfindən idarə olunan alternativ nə isə yaratmağa çalışır. Bir sözlə, təhlükəsiz bölgə Türkiyənin kürdlərə və Əsəd rejiminə qarşı aləti ola bilər. İdlib bölgəsi bu ərazilərə birbaşa bitişikdir və Türkiyə bunun mümkün davamı da hesab edilə bilər.
Bundan əlavə, Ərdoğan reytinqinin düşməsindən də ehtiyatlana bilər. Əks halda, yəni Suriyadakı hərbi əməliyyatlar Türkiyə daxilində etibarını artıra bilər. Lakin Ərdoğanın narahatlığının ən əsas səbəbi qaçqınlardır. Hazırda Türkiyədə 4 milyon suriyalı qaçqın var. Təbii ki, hərhansı bir ölkə iqtisadiyyatı üçün bu ağır bir yükdür. Avropa İttifaqı ölkələrində olduğu kimi və bəlkə də daha çox dərəcədə çox sayda qaçqın axını Türkiyədə kəskin siyasi böhrana və qaçqınlarla yerli əhali arasında qarşıdurmalara səbəb ola bilər ki, bunun barəsində düşünməyə, narahatlığa həqiqətən də dəyər. Türkiyə prezidentini daha çox məşğul edən də məhz budur desək yanılmarıq.
Qarşılıqlı ittihamlar
Rusiya, Türkiyə və İran arasında Astana razılaşması və Soçidə əldə edilən razılaşmalara uyğun olaraq İdlib deeskalasiya zonasına çevrilməli idi. Bu o demək idi ki, bütün tərəflərin hərbi əməliyyatları azaldılmalı və sonra tamamilə dayandırılmalıdır. Döyüşçülərin İdlib bölgəsini tərk etməsi və ya heç olmasa Əsəd qüvvələri ilə təmas boyunca təhlükəsizlik zolağından qüvvələrini və hərbi texnikalarını çıxarması da ehtimal edilirdi. Hərçənd ki, bu bölgədə Türkiyənin müşahidə postları da quruldu.
Türkiyə və İdlibdə yerləşdirilən türkpərəst qüvvələr bu təşkilatı zərərsizləşdirmək üçün heç bir iş görmədilər. Bəlkə də bunun heç nəyi dəyişdirməyəcəyinə inanırlar. Bundan əlavə, Türkiyə liderləri Əsədin nə etməsindən asılı olmayaraq istənilən halda müxalifətə hücum edəcəyinə də inana bilərlər. Belə bir şübhənin səbəbi var. Səbəb odur ki, Əsəd rejimi, Əsəd əleyhinə qüvvələrin hərbi fəallığı kəskin azalsa da, rejimin işlədiyi müxalifətin əvvəllər mövcud olan bütün bölgələrini məhv etdi.
Bundan əlavə, rus hərbi obyektlərinə dronlarla hücumlar da müşahidə edilirdi. Hücumlarda digər müxalif cihadçı qruplar da iştirak edirdi. Bu, Əsəd və müttəfiqlərinin İdlibdə genişmiqyaslı əməliyyata başlaması üçün əsas verdi. Buna cavab olaraq, Türkiyə Əsədi deeskalasiya qaydalarını pozmaqda günahlandırdı.
Suriya ordusunun hücumu zamanı bir sıra türk postları Əsəd qüvvələri tərəfindən mühasirəyə alındı. Təsadüfən və ya qəsdlə oldu, bunu demək çətindir, amma bəzi türk postları artilleriya hücumlarına məruz qaldı. Səkkiz türk əsgəri öldü. Fevralın 3-də Türkiyə İdlibdəki 76 Suriyalı əsgəri "zərərsizləşdirdi". Bunu Türkiyənin Milli Müdafiə Naziri Hulusi Akar da təsdiq edib.
Ya postlar mühasirəsini sökəcək və qaçqın axınına səbəb olan hərbi əməliyyatları dayandıracaq, ya da Ərdoğan təşəbbüsü ələ alacaq. Əslində isə bu, müharibə təhlükəsidir. Türkiyə döyüşçüsünün Suriya ordusunun əli ilə öldürülməsindən sonra Türkiyə ictimaiyyətinin Əsəd əleyhinə əməliyyatı müsbət qəbul etməsi ehtimalı da təkzib edilə bilməz.
Türkiyə Əsədlə qarşıdurmadan qorxmur. 2019-cu ildə Sülh məqsədli əməliyyat zamanı, Türkiyə ordusu sanki Suriya ordusunun qüvvələrini məhv etdi. Sonra rus qoşunları Əsədi müdafiə etmədi. Həm də Rusiya Federasiyasının hərbi qüvvələri Əsədi İsrail Hərbi Hava Qüvvələrinin hücumlarından qorumur. Yalnız Əsədə müxalifət döyüşçüləri ilə münaqişə şəraitində kömək edirlər. Əsəd qüvvələrinin çox hissəsinin əhval-ruhiyyəsi aşağı, tədarükü zəifdir. Çox vaxt yırtılmış paltar geyinirlər. Silahları isə ümumiyyətlə Türkiyə döyüşçüləri ilə müqayisə belə edilə bilməz.
Türkiyə Rusiya ilə münasibətləri çətinləşdirməkdə maraqlı deyil. Lakin Türkiyənin yenidən Moskvanın müttəfiqi olan Əsədə hücum edəcəyi təqdirdə belə bir gözləntilər də ola bilər.
Rusiya və Türkiyə: İttifaq və qarşıdurma
Rusiya çətin vəziyyətdədir. Çünki, bir tərəfdən vasitəçi rolunu oynayır, digər tərəfdən Moskva Ankara ilə yaxınlaşmaqda və Türkiyə ilə NATO arasında boşluq yaratmaqda maraqlıdır. Bu məqsədlə Rusiya Türkiyədə nüvə stansiyası tikir, orada bir qaz kəməri çəkilişində iştirak edir və C-400 raket sistemlərini Türkiyə ordusuna satır. Rusiya-Türkiyə ticarət dövriyyəsinin həcmi 22 milyard dollara çatır. Türkiyə ilə əlaqələrin yaxşılaşdırılması Rusiya rəhbərliyi üçün Əsədin zəfərindən daha vacibdir. Buna görə Rusiya Federasiyası Dəməşqlə Ankaranı barışdırmağa çalışır.
Digər tərəfdən, Rusiya Federasiyası Suriyada Əsəd və İranın hərbi müttəfiqidir. Onlarla birlikdə İdlibdə türkiyəli yaraqlılara qarşı hücum əməliyyatlarında iştirak edir. Rusiya münaqişənin tamamilə neytral tərəfi olmadığından, vasitəçilik missiyası da çətindir. Ərdoğan dəfələrlə Rusiya Federasiyasının siyasətindən narazılığını dilə gətirib və Rusiya mediasında Türkiyə ilə bağlı tənqidi yazılar ortaya çıxıb. Müəyyən dərəcədə Rusiya və Türkiyə Suriyada bir-birlərinə qarşı çıxırlar, baxmayaraq ki, ziddiyyətlərini üçüncü tərəfin hesabına qismən həll edə bilirlər.
Rusiya Türkiyə ilə qarşıdurma vəziyyətində olduqda Suriyada hərəkət edə bilməz. Türkiyənin NATO-da ikinci güclü bir ordusu var, güclü iqtisadiyyatı var. Türkiyə ilə münaqişə böyük fəsadlara səbəb olardı. Eyni zamanda, Türkiyə Rusiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir və bunun həm Moskva ilə Vaşinqton arasında siyasi balans, həm də Suriya və Liviyada əməliyyat məsələlərinin həlli üçün lazım bilir.
Danışıqlar nəyə görə dalana dirənib?
Rusiya nümayəndə heyəti ilə Türkiyə arasında İdliblə bağlı danışıqlar davam edərkən hazırda heç bir nəticə hasil olmayıb. Bu cür danışıqlar əvvəllər də aparılmış, sonradan pozularaq müqavilələr imzalanmışdı. Suriyadakı Rusiya-Türkiyə razılaşmalarının yaxşı işləmədiyini qeyd etmək olar. Bunun səbəbi tərəflərin fikir ayrılığı, habelə nəzarətdən kənar bir çox amillərin olmasıdır.
Ancaq suallar olduğu kimi cavabsız qalır. Əsəd nə qədər davam etmək niyyətindədir? Türkiyənin ultimatumu nə qədər ciddidir? Ərdoğanın Suriyanın şimal-şərqində kürdlərə qarşı yönəlmiş Sülh mənbəyi əməliyyatının yenidən başlatma ehtimalı ilə bağlı dediklərinə münasibət necə olmalıdır? Təbii ki, bu suallara cavab vermək çətindir və öncədən nə isə söyləmək elə öncəgörmə kimi absurd səslənərdi. Ona görə də hadisələrin gedişatını izləmək daha doğru olardı və heç şübhəsiz ki, Ərdoğan kimi, Putin kimi səriştəli siyasətçilər hər şeyin məhv olmasına rəvac verməzlər. Ən azından bizim buna gümanımız var. Ümid edirik ki, ölkə başçıları gərginliyin artması marağında deyillər. Belə bir şəraitdə qarşılıqlı anlaşmaya və hadisələrin deeskalasiyasına ümid etməyə dəyər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB