Odessanın limanı raketlə vuruldu, azı 6 nəfər həlak olub

Rusiya ordusu Odessa vilayətinin liman infrastrukturuna ballistik raketlə zərbə endirib. Ən azı altı nəfər həlak olub, doqquz nəfər isə yaralanıb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə Ukraynanın icmaların və ərazilərin inkişafı naziri Aleksey Kuleba teleqram səhifəsində yazıb.

Onun sözlərinə görə, xəsarət alanların hamısı ukraynalıdır. Hazırda onlara tibbi yardım göstərilir, 5 nəfərin vəziyyəti ağırdır.

Hücum zamanı Panama bayrağı altında üzən mülki gəmi, “Shui Spirit” konteyner gəmisi də zədələnib.

Qeyd edək ki, bu, son 4 gündə Rusiyanın hücumuna məruz qalan üçüncü xarici gəmidir.

“Ukrayna bu gün ərzaq təhlükəsizliyinin təminatçısı olaraq qalır, buna görə də bu terror praktikasını dayandırmaq vacibdir. Bunun üçün kifayət qədər silah, hava hücumundan müdafiə sistemi, sanksiyalar və hər bir hərbi cinayətə görə cəza lazımdır”, - deyə Kuleba yazıb.

Bütün xəbərlər Facebook səhifəmizdə