ABŞ prezidenti Cozef Bayden bu gün Vaşinqtonda Böyük Britaniyanın baş naziri Key Starmerlə danışıqlar aparacaq.
SİA xatırladır ki, Böyük Britaniya liderinin Leyboristlər Partiyasının seçkilərdə qələbə çalmasından və yeni kabinetin formalaşmasından sonra ABŞ-a ilk rəsmi səfəridir. Əsas müzakirə mövzusunun Rusiyanın Ukraynaya qarşı müharibəsi olacağı gözlənilir. Liderlər həmçinin Qərb ölkələrinin Ukraynaya tədarük etdiyi uzaqmənzilli silahlarla Rusiya ərazisinə zərbələrin endirilməsinə qoyulan məhdudiyyətlərin aradan qaldırılması və ya yumşaldılması imkanlarını müzakirə edəcəklər.
Yeri gəlmişkən, bir gün əvvəl Rusiya prezidenti Vladimir Putin bildirib ki, ABŞ və müttəfiqləri Rusiya ərazisinin dərinliklərindəki hədəflərə qarşı belə silahlardan istifadə etməyə icazə verərsə, bu, NATO ölkələrinin Rusiyaya qarşı müharibəyə girməsi demək olacaq. Putinin sözlərinə görə, bu halda Rusiya vəziyyətə uyğun reaksiya verəcək. Britaniyanın baş naziri Keir Starmer Vaşinqtona gedərkən təyyarədə jurnalistlərlə söhbətində Putinin bəyanatını şərh edib.
…Rusiya bu münaqişəyə başladı. Rusiya Ukraynaya qanunsuz müdaxilə edib. Rusiya bu münaqişəyə dərhal son qoya bilər. Ukraynanın özünümüdafiə hüququ var və aydındır ki, biz Ukraynanın özünümüdafiə hüququnu tam dəstəkləyirik, - deyə baş nazir bildirib.
O, eyni zamanda əlavə edibki,.. biz Rusiya ilə münaqişəyə can atmırıq, bu, zərrə qədər də bizim niyyətimiz deyil.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə