Zelenski ABŞ-yə təşəkkürünü bildirib

Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynaya hərbi yardımı ehtivan edən qanun layihəsini təsdiqlədiyinə görə ABŞ Konqresinin Nümayəndələr Palatasına təşəkkürünü bildirərək sənədin Senatda da dəstəklənəcəyinə ümid etdiyini söyləyib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə dövlət başçısı sosial şəbəkədə paylaşım edib.

“ABŞ Konqresinin Nümayəndələr Palatasına, hər iki partiyaya və şəxsən spiker Mayk Consona tarixi doğru yolda saxlayan qərara görə minnətdaram.

Demokratiya və azadlıq həmişə qlobal önəmə malik olacaq və Amerika onu qorumağa kömək etdikcə, heç vaxt uğursuz olmayacaq. ABŞ Nümayəndələr Palatasının bu gün qəbul etdiyi həyati vacib yardım haqqında qanun layihəsi müharibənin genişlənməsinin qarşısını alacaq, minlərlə və minlərlə insanın həyatını qurtaracaq və hər iki xalqımızın daha da güclənməsinə kömək edəcək.

Ədalətli sülh və təhlükəsizlik yalnız güclə əldə edilə bilər.

Ümid edirik ki, qanun layihələri Senatda dəstəklənəcək və Prezident Baydenin masasına göndəriləcək. Təşəkkürlər, Amerika!”, – o qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə