İtaliya gəmisi Qırmızı dənizdə husilərin PUA-sını vurub

İtaliya gəmisi Qırmızı dənizdə husilərə məxsus pilotsuz uçuş aparatı (PUA) zərərsizləşdirib. SİA xəbər verir ki, Avropa İttifaqının Qırmızı dənizdəki birgə hərbi missiyasındakı İtaliya Hərbi Dəniz Qüvvələrinin “Duilio” super esminesi gəmiyə doğru istiqamət alan PUA-nı vurub.

İtaliya Müdafiə Nazirliyinin məlumatına görə, əvvəlki hücumlarda istifadə edilənlərə oxşar xüsusiyyətlərə malik PUA gəmidən təxminən 6 kilometr uzaqlıqda olub. Özünümüdafiə prinsipini həyata keçirən “Duilio” esminesi pilotsuz uçan aparatı zərərsizləşdirib.

Müdafiə naziri Quido Krosetto deyib ki, husilər terror hücumları ilə beynəlxalq hüququ ciddi şəkildə pozur: “Bu, iqtisadiyyatımızın asılı olduğu dəniz nəqliyyatının təhlükəsizliyinə qarşı hücumdur və hibrid müharibənin bir hissəsidir”.

Qeyd edək ki, Aİ fevralın 19-da Qırmızı dənizə hərbi missiya göndərib. İtaliya dənizdəki missiyaya operativ komandanlıq edir.

“Aspides” (yunanca “qalxan”) adlı missiyaya İtaliyanın “Duilio” esminesi, eləcə də Almaniya, Yunanıstan və Fransa hərbi-dəniz qüvvələrinin freqat gəmiləri daxildir. Missiyanın məqsədi husilərin Qırmızı dənizdə beynəlxalq ticarətə təsir edən hücumlarının qarşısını almaq, ticarət gəmilərinin müdafiəsini gücləndirməkdir. Hərbi missiya BMT-nin Dəniz Hüquqları Konvensiyasına uyğun və müdafiə xarakterli fəaliyyət göstərir.

Bütün xəbərlər Facebook səhifəmizdə