"Qərbi Azərbaycanın elə kəndi yoxdur ki, orada halay olmasın" - TƏDQİQATÇI DANIŞDI
"Türk dünyasının hər yerində yayılan kollektiv rəqs oyunlarından biri də halaydır. Halay qədim türk kollektiv rəqsidir, insanlar bunu ellikcə oynayıblar. Qərbi Azərbaycan ərazisi də halayların geniş yayıldığı bölgəmiz olub. Tarixən burada halay oyunları yayılıb, halay havaları formalaşıb. Qərbi Azərbaycanın elə kəndi, elə mahalı yoxdur ki, orada halay olmasın. Yaşlı nənələr danışırdılar ki, halay qurulardı, halay başı əlində dəsmal dəstəni hərəkətə gətirərdi, ordan da bir gəlin “halaya gəlin ay qızlar” deyərdi, qızlar-oğlanlar halaya qoşulardı. Uşaq olanda çoxlarımız ellərimizdə, obalarımızda halay qurulduğunu görmüşük". Bu sözləri SİA-ya açıqlamasında tədqiqatçı Füzuli Bayat deyib.
Onun sözlərinə görə, Qərbi Azərbaycanda - Şərur-Dərələyəzdə, Vedidə, Ağbabada, başqa bölgələrimizdə yayılan halaylarımız bu gün də insanların xatirində qalıb: "Bu gün Azərbaycan Respublikasında qaçqın həyatı yaşayan və öz doğma el-obalarına dönmək arzusunda olan qərbi azərbaycanlılar burada da halaylarını yaşadırlar.
Amma təəssüf ki, Qərbi azərbaycanlılar öz doğma evlərindən didərgin düşdülər və onların deportasiyasından sonra isə ermənilər Azərbaycan folklorunun Qərbi Azərbaycanda yayılan növlərinə əl uzatdılar. Azərbaycan xalqının folkor ansabllarını, musiqi alətlərini, milli geyimlərini, habelə saz, tar, zurna, ney, balaban kimi musiqi alətlərini, o cümlədən də yallı, halay rəqslərini mənimsəməyə çalışdılar. Bir sözlə, Qərbi Azərbaycan yallıları ermənilərin plagiatlığına məruz qalıblar. 30 ildən yuxarıdır ki, haylar bizim bu rəqsləri öz rəqsləri kimi, qələmə verməyə çalışırlar.
Məlum olduğu kimi, 2018-ci ilin 26 noyabr - 1 dekabr tarixlərində Mavriki Respublikasının paytaxtı Port Luis şəhərində UNESCO -nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 13-cü sessiyasında “Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri” bu təşkilatın Təcili Qorunma Siyahısına daxil edildi. Bununla da, Ermənistanın Azərbaycanın digər mədəni irs namizədləri ilə bağlı olduğu kimi, “Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri” nominasiyasına qarşı təxribat xarakterli cəhdlərinin də qarşısı alındı. O dövrdə Ermənistana layiqli cavab verildi".
Tədqiqatçı sözlərinə davam edərək bildirib ki, ermənilər və Ermənistan öz təxribatlarından bu gün də əl çəkmir, yenə də yallı, halay rəqslərinə iddialarını irəli sürürlər: "Hətta o zaman torpaqlarımız işğalda olanda ermənilərin “yallı qrupları” konsertlər verirdilər. Ermənistanın baş naziri Paşinyanın da yallı getməsi hər kəsin yadındadır. Özgə atına minən tez düşər deyib atalarımız, Paşinyan da bu rəqsi tez tərk etdi. Ermənilər iddia edirdilər, hətta özlərini də inandırırdılar ki, bu guya onların rəqsidir, amma bütün dünyaya sübut olundu ki, yallı, halay Azərbaycan xalqının, türk dünyasının rəqsidir, halay havaları da ki, öz yerində.
Qərbi Azərbaycanın musiqi folklorunda xüsusi yeri olan halaylar, yallılar xalqımızın əbədi irsi olaraq yaşayır. Böyük qayıdışdan sonra yenə də Qərbi Azərbaycan ellərini halay havaları riqqətə gətirəcək, yenə də soydaşlarımız ellikcə yallı gedəcəklər. Bu da ermənilərin bütün çirkin niyyətlərini birdəfəlik iflasa uğradar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB