Azərbaycanın idmançılarının Avropa çempionatında uğurları

Azərbaycanın idmançılarının Avropa çempionatında uğurları

Bu yaxınlarda Bolqarıstanda keçirilmiş Avropa çempionatında gənc güləşçilərimiz ölkəmizi ləyaqətlə təmsil edərək böyük uğura imza atdılar, 16 medal qazanıldı, onlardan 7-si qızıl medaldır. Bu, çox böyük nailiyyətdir. Xüsusilə nəzərə almalıyıq ki, komanda hesabında bizim komandamız birinci yerə layiq görülmüşdür. Bu, bir daha onu göstərir ki, Azərbaycanda idman uğurla inkişaf edir, Azərbaycan idman dövlətidir və həm böyüklər, həm gənclər arasında keçirilmiş beynəlxalq yarışlarda bizim idmançılarımız öz gücünü, dövlətimizin qüdrətini nümayiş etdirirlər. Güləş Azərbaycanda idmanın bütün növləri arasında xüsusi yerə malikdir. Güləş bizim milli idman növümüzdür. Bütün dövrlərdə güclü güləşçilərimiz olubdur, həm sovet dövründə və xüsusilə müstəqillik dövründə. Bizim güləşçilərimiz Azərbaycanı müxtəlif yarışlarda ləyaqətlə təmsil ediblər. Bizim bir çox Olimpiya, dünya, Avropa çempionlarımız var. Əlbəttə, güləşin ənənələri Azərbaycanda kifayət qədər güclüdür və şadam ki, indi gənc nəsil bu ənənələri davam etdirir. Əminəm ki, bu yaxınlarda medallar qazanmış idmançılar arasında gələcəyin Avropa, dünya və Olimpiya çempionları olacaqlar. Nəsildən-nəslə keçən bu təcrübə, bilik, səriştə əminəm ki, Azərbaycanı bundan sonra da dünya miqyasında aparıcı güləş ölkələrindən birinə çevirəcəkdir.

Bunu nəzərə alaraq, bir daha qeyd etmək istəyirəm ki, bu, doğrudan da böyük nailiyyətdir. Yarışda iştirak etmiş 34 Avropa ölkəsi arasında Azərbaycan birinci yerdədir. İdman Azərbaycanın dövlət siyasətidir və idman hər bir ölkənin qüdrətini əks etdirir. Beynəlxalq yarışlarda, Olimpiya Oyunlarında ölkələrin reytinqlərinə nəzər salsaq görərik ki, adətən inkişaf etmiş ölkələrin nümayəndələri daha böyük uğurlar qazanırlar.

Azərbaycanın hər bölgəsində müasir olimpiya idman kompleksləri var. 50-yə yaxın belə kompleks artıq inşa edilib və onlardan səmərəli şəkildə istifadə olunmalıdır. Seleksiya işi çox düzgün aparılmalıdır. Bölgələrdə istedadlı uşaqlar var, onları düzgün seçmək və idmana, idman bölmələrinə cəlb etmək lazımdır.

Gənclərdə vətənpərvərlik hissləri daim yüksək olmalıdır. Vətənpərvərlik hissləri, Vətənə olan sevgi, bağlılıq Vətən müharibəsində əsas rol oynadı. Qələbəmizi şərtləndirən döyüşçülərin əzmkarlığı, Vətənə olan bağlılığı idi. Bu da vətənpərvərlikdən irəli gəlir.Bu günün idmançıları beynəlxalq yarışlarda artıq qalib gəlmiş müzəffər xalqı təmsil edir. Beynəlxalq yarışlarda iştirak edən bütün idmançıların ürəyində bu duyğular mütləq olmalıdır. Təkcə Azərbaycan vətəndaşları yox, bütün dünya azərbaycanlıları bu gün özlərini əmin hiss edirlər, yaşadıqları ölkələrdə Azərbaycan həqiqətlərini çatdıraraq İkinci Qarabağ müharibəsi haqqında qürur hissi ilə danışırlar. Mən bunu xüsusilə qeyd etmək istəyirəm. Çünki indi dünyada bir çox yerlərdə müharibələr gedib, gedir və əfsuslar olsun ki, gedəcək. Bu gedən müharibələrə diqqət yetirsək hesab edirəm ki, həm Azərbaycan xalqı, həm bütün dünya ictimaiyyəti bir daha Azərbaycan xalqının böyüklüyünü və Azərbaycan rəhbərliyinin məsuliyyətini görür. Əlbəttə ki, idmançılarımız üçün bu, əlavə bir stimuldur. Çünki biz ləyaqətli xalqı və böyük hörmətə layiq olan ölkəni təmsil edirik. Siz idmançılar bundan sonra, sizdən sonra gələn nəsillər həmişə müzəffər ölkəni təmsil edəcəksiniz. Çünki bizim Qələbəmiz əbədidir, biz Qarabağı düşməndən azad edən xalqıq və o torpaqlarda həyat yaradan, həyat quran xalqıq.

Vüsal Hüseynli

Xəzər rayonu 121 nömrəli məktəbin müəllimi

Bütün xəbərlər Facebook səhifəmizdə