“Təmiz qol vurduq, təmiz penaltini də vermədi”

“Futbolçularımı təbrik edirəm. Bu gün qalib gəlmək istəyirdik”.

SİA xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Konfrans Liqasının qrup mərhələsinin V turunda “Omoniya” ilə keçirilən oyun barədə danışarkən deyib.

Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutan qarşılaşmada 2:2 hesablı heç-heçə edən Ağdam təmsilçisi son tur öncəsi 11 xalla 2-ci pillədə qərarlaşır.

Qurbanov qarşılaşmadan sonra təşkil olunan mətbuat konfransında komandasının çıxışını dəyərləndirib: “Dünən də demişdim ki, istənilən nəticə hər şeyi son tura saxlaya bilər. Futbolçularım bu il çox böyüdülər. Konfrans Liqasında bir oyunumuz qalıb. Bu istəklə həmin matça da hazırlaşacağıq. Futbolçulara heç bir iradım yoxdur. Bütün matçlarda döyüşçü kimi oynadılar. Maraqlı qollar alındı. Azarkeşlər üçün razı qalası oyun oldu”.

- Buraxılan ikinci qolla bağlı nə deyə bilərsiniz?
- Futbolda nadir hallarda olan epizoddur. Son vaxtlar qapıçı daha çox öndə oynayır. Bu, Şahriddinin səhvindən çox rəqib oyunçunun ustalığı idi. Çox yaxşı zərbə vurdu. Bəli, daha diqqətli olsaydı, yaxşı olardı. Amma bu oyunda Şahruddinə heç bir irad bildirmədim. Əksinə, dedim ki, möhkəm ol, qarşıda daha çox oyunlarımız var.

- Hakimliklə bağlı nə fikirləşirsiniz və son tur barədə nə düşünürsünüz?
- Bu, hakim üçün böyük təcrübə oldu. Gəncdir, avrokubokların qrupunda ilk oyunu idi. Həyəcanlı olduğu hiss olunurdu. Amma biz tərəfə yox, əks tərəfə qarşı hər şey qaydasında idi. Epizodlara baxdıq. Təmiz qol vurduq, təmiz penaltini də vermədi. Az qala iki əllə topla oynadı. Rəqibə qırmızı vərəqə vermişdi. Sanki bunu sığortalamaq istəyi var idi. Amma bizim istəyimiz dəqiq idarəçilik idi. Hakimə uğurlar arzulayıram. İnanıram ki, qarşıdakı oyunlarda daha diqqətli və ədalətli olar.

- İbrahima Vadjinin çıxışından razı qaldınız?
- Bütün futbolçularımdan razı qaldım. Sayılmayan qol epizodunda da Vadji heç bir qayda pozuntusu etməmişdi, təmiz qol idi. Belə qollara ofsayd verirlərsə... Nə yan xətt hakimi bayrağı qaldırmışdı, nə baş hakim hansı qərarını verəcəyini bilirdi. Sanki “İnter”lə oyunu xatırlatdı.

- Bir anda Qara Qarayevə tapşırıqlar verdiniz. Orada nə deyirdiniz?
- Şərh eləsəm, yaxşı olar, ya olmaz, bilmirəm. Taktiki tapşırıq idi.

- Cəmi bir əvəzləmənin səbəbi nə idi?
- Oyun axarında gedirdi, dəyişikliyə ehtiyac yox idi. Önə də keçmişdik, texniki səhvlə qol buraxdıq. Dəyişiklik riskli olardı. Hər şey qaydasında idi. Əvəzləmə vaxt itkisi də olardı. Onsuz da, oyunu rəqibin cərimə meydanı ətrafında keçirdik. Bu səbəbdən dəyişikliyə lüzum görmədik.

Bütün xəbərlər Facebook səhifəmizdə