UEFA Avropa çempionatı ilə bağlı öhdəlik təsdiqləyib

UEFA rəsmiləri yayda təşkil olunacaq “Avro-2020”yə ev sahibliyi edəcək assosiasiyaların - təşkilatçıların nümayəndələri ilə turnirlə bağlı əməliyyat məsələlərini müzakirə etmək üçün görüş keçiriblər.

SİA-nın AFFA-ya istinadən məlumatına görə, UEFA daha əvvəl açıqlanmış təqvimə uyğun olaraq, Avropa çempionatının 12 şəhərdə keçirilməsi ilə bağlı öhdəliyini təsdiqləyib.

Tərəflər şəhərlərin üzləşdiyi müxtəlif çətinliklərin qarşısının alınması üçün turnirin təşkili ilə bağlı qərarların qəbulu prosesində çevikliyin vacibliyini qeyd ediblər. Bu və pandemiya fonunda tez-tez dəyişən situasiya nəzərə alınaraq, azarkeşlərin stadionlara buraxılması ilə bağlı planın təqdim olunması üçün müəyyənləşdirilən son tarix aprel ayına keçirilib.

UEFA-nın prezidenti Aleksander Çeferin deyib ki, UEFA Avropa çempionatının daha öncə planlaşdırıldığı kimi, 12 şəhərdə keçirilməsi öhdəliyinə sadiqdir. Avropa çempionatı milli komandalar üçün öncül turnirdir və futbolun bütün səviyyələrdə inkişafı üçün həyati əhəmiyyət kəsb edən maliyyə mənbəyidir. Turnirin vaxtı yaxınlaşdıqca vəziyyətin daha yaxşı olacağına optimist yanaşıram və oyunları qəbul edəcək şəhərlərə, hökumətlərə iyun-iyul aylarında nələrin həyata keçirilməsinin mümkün olacağı barədə ümumi mənzərənin necə olacağını müəyyənləşdirə bilmək üçün daha çox vaxt vermək lazımdır.

“Azarkeşlər futbola xüsusilik qazandırır və bu, istər Avropa çempionatı, istərsə də hər hansı digər oyun üçün belədir. Biz onların stadionlara qayıtması üçün əlimizdən gələn hər şeyi etməliyik”, - deyə UEFA prezidenti bildirib.

Qeyd edək ki, koronavirus pandemiyası ilə əlaqədar 2021-ci ilə təxirə salınan çempionata Bakı, Sankt-Peterburq, London, Münhen, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdam şəhərləri ev sahibliyi edəcək.

Bakı Olimpiya Stadionu turnirin “A” qrupunun İsveçrə-Uels, Türkiyə-Uels və Türkiyə-İsveçrə oyunlarına, həmçinin dörddəbir final mərhələsinin bir matçına ev sahibliyi edəcək. İsveçrə-Uels oyunu iyunun 12-də, Türkiyə-Uels qarşılaşması ayın 16-da, Türkiyə-İsveçrə matçı isə dörd gün sonra təşkil olunacaq. Bakıda baş tutacaq dörddəbir final mərhələsinin bir görüşü isə iyulun 3-də keçiriləcək.

“Avro-2020” iyunun 11-dən iyulun 11-dək keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə