Messi cərimə zərbəsindən qol sayını 48-ə çatdıraraq Ronaldonu geridə qoyub

İspaniya La Liqasının XVIII turunda “Qranada” ilə səfər matçında dubl edən “Barselona”nın kapitanı Lionel Messi qollardan birini cərimə zərbəsindən vurub.

SİA-nın məlumatına görə, argentinalı superulduz son 72 cəhdində ikinci dəfə standart vəziyyətdən fərqlənməyi bacarıb.

Ümumilikdə isə La Liqada 402 cəhdin 37-si qolla nəticələnib. 33 yaşlı oyunçu klub karyerası ərzindəki cərimə zərbəsindən qol sayını 48-ə çatdırıb. Bununla “Yuventus”un portuqaliyalı hücumçusu Kriştianu Ronaldonu geridə qoymağı bacarıb. “Sportinq”, “Mançester Yunayted”, “Real” və “Yuventus”un formasını geyinmiş Ronaldo klub karyerasında 47 belə qola sevinib.

Qeyd edək ki, “Barselona” “Qranada”nı səfərdə 4:0 hesabı ilə məğlub edib.

Bütün xəbərlər Facebook səhifəmizdə