“Məhdudiyyətsiz imkanlar: doğru addımlar” forumu keçirilib

“Məhdudiyyətsiz imkanlar: doğru addımlar” forumu keçirilib

“Azərbaycanda əlilliyi olan insanların cəmiyyətə inteqrasiyası üçün idmanın imkanlarından geniş istifadə edilir. Azərbaycan Milli Paralimpiya Komitəsinin əsas vəzifəsi əlilliyi olan şəxslərin idman vasitəsilə cəmiyyətə inteqrasiyasıdır. Biz bu istiqamətdə böyük uğurlar əldə etmişik". SİA-nın məlumatına görə, bunu Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) baş katibi Kamal Məmmədov Tbilisidə keçirilən “Məhdudiyyətsiz imkanlar: doğru addımlar” mövzusunda beynəlxalq forumun “İnklüziv cəmiyyət üçün milli strategiyalar” adlı panel iclasında çıxış edərkən deyib.

Azərbaycanda inklüziv cəmiyyətin qurulması üçün əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası istiqamətində görülən işlərdən danışan K.Məmmədov bildirib ki, “Azərbaycan paralimpiya hərəkatının ən böyük dəstəkçisi olan dövlətlərdəndir. Prezident İlham Əliyev daim paralimpiyaçıların yanındadır. Bu günə qədər Azərbaycan 6 Paralimpiya Oyununda iştirak edib. Ölkəmizdə hazırda 7 Paralimpiya çempionu var. Onlardan ikisi - İlham Zəkiyev və Oleq Panyutin ikiqat paralimpiya çempionlarıdır”.

Baş katib vurğulayıb ki, hazırda Azərbaycanda əlilliyi olan şəxslər üçün 14 idman növü fəaliyyət göstərir. Bunlardan 12-si yay, 2-si isə qış idman növləridir. AMPK Paralimpiya Oyunlarına daxil olmayan əlil arabasında rəqs, para alpinizm, paraşütdən tullanma və əlil arabasında boulinq kimi idman növlərini də dəstəkləyir.

AMPK-nın baş katibi sağlamlıq imkanları məhdud uşaqların da idman vasitəsilə cəmiyyətə inteqrasiyasının vacibliyini diqqətə çatdıraraq qeyd edib ki, bu məqsədlə Azərbaycanda Uşaq Paralimpiya Komitəsi yaradılıb. Hazırda bu komitə idmanın altı növü üzrə fəaliyyət göstərir.

Qeyd olunub ki, AMPK idmanla yanaşı, əlilliyi olan şəxslərin sosial problemlərinin də həllində yaxından iştirak edir. Bakıda və bölgələrdə müyəssərliyin təmin edilməsi üçün işlər görülür. Bu məqsədlə müxtəlif təşkilatlarla əməkdaşlıq edilir. Bununla yanaşı, əlilliyi olan şəxslərin təhsilinə və işlə təminatına diqqət göstərilir. Bu günədək əlilliyi olan onlarla şəxs komitə vasitəsilə yerli və xarici universitetlərdə təhsil alıb və dövlət qurumlarında işlə təmin olunub.

Ölkədə paralimpiya hərəkatı və korporativ sosial məsuliyyətdən danışan baş katib deyib: “Azərbaycan dövləti Paralimpiya hərəkatına fəal dəstək göstərir. Bununla yanaşı, ölkədə fəaliyyət göstərən biznes qurumları da korporativ sosial məsuliyyət çərçivəsində komitə ilə tərəfdaşlıq edir. Hazırda isə ölkənin biznes mühitində korporativ sosial məsuliyyət dəyərlərinin daha çox inkişaf etdirilməsi yönündə iş aparılır.

Forumda AMPK-nın baş katibi K.Məmmədovun məruzəsi maraqla qarşılanıb.

Sonra K.Məmmədov iştirakçıların AMPK-nın təcrübəsi ilə bağlı suallarını cavablandırıb.

Xatırladaq ki, forumun məqsədi inklüziv cəmiyyətin qurulması istiqamətində çalışan insanların təcrübəsini bölüşmək və daha geniş imkanlar açmaqdır. Tədbirdə müxtəlif ölkələrin dövlət rəsmiləri də iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə