Türkiyə millisi Avropa çempionatının finalında Serbiyaya rəqib oldu

Türkiyə millisi Avropa çempionatının finalında Serbiyaya rəqib oldu

Sentyabrın 7-də Macarıstan, Polşa, Slovakiya və Türkiyənin birgə ev sahibliyi etdiyi qadın voleybolçular arasında Avropa çempionatında ilk finalçı müəyyənləşib.

SİA xəbər verir ki, finala vəsiqə uğrunda ikinci görüşdə meydan sahibi Türkiyə millisi Polşa ilə qarşılaşıb. Ankara şəhərində keçirilən görüş Türkiyə voleybolçularının 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Onların Avropa çempionu uğrunda rəqibi yarımfinalda İtaliyanı 3:1 hesabı ilə məğlub edən Serbiya millisi olacaq.

Yarışın final matçı Ankarada təşkil olunacaq.

Qeyd edək ki, qitə çempionatının C qrupunda mübarizə aparmış millimiz Avropa çempionatını 10-cu pillədə başa vurub.

Xatırladaq ki, iki il əvvəl Azərbaycan və Gürcüstanın birgə ev sahibliyi ilə keçirilən 30-cu Avropa çempionatında qızıl medalları Serbiya voleybolçuları qazanıblar. Sonrakı yerlərdə Hollandiya, Türkiyə və Azərbaycan komandaları qərarlaşmışdı.

Avropa çempionatına sentyabrın 8-də yekun vurulacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə