“Naxçıvan Open” Beynəlxalq turnirinə start verilib

“Naxçıvan Open” Beynəlxalq turnirinə start verilib

Mayın 4-5-də Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilmiş karate-do üzrə “Heydər Əliyev kuboku” uğrunda “Naxçıvan Open” Beynəlxalq turnirinə start verilir. Xəbər verilir ki, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, eləcə də Azərbaycan Milli Karate Federasiyası və Naxçıvan Karate-do Federasiyasının birgə təşkil etdiyi yarışda 6-13 yaşlı uşaqlar, 14-15 yaşlı yeniyetmələr, 16-17 yaşlı və 18-20 yaşlı gənclər iştirak edirlər.

Beynəlxalq yarışda 10-dək ölkədən idmançıların iştirakı gözlənilir.

Turnir öncəsi, mayın 3-də kompleksdə hakim və məşqçi-müəllimlər üçün texniki-taktiki seminar keçirilib. Azərbaycan Milli Karate Federasiyasının Hakimlər Kollegiyasının sədri Cahangir Babayev seminar iştirakçılarına uğurlar arzulayaraq, yarışlarda və milli komandanın heyətinə üzvlərin seçilməsində hakimlərin işinin əhəmiyyətindən, həmçinin onların bilik səviyyələrinin artırılmasından, nəzərdə tutulan gələcək planlardan danışıb. Eyni zamanda, qaydalardakı dəyişiklik və yeniliklər hakimlərin diqqətinə çatdırılıb.

Seminara respublikanın müxtəlif bölgələrindən olan hakimlər və məşqçilərlə yanaşı, turnirdə iştirak edəcək ölkələrin hakimləri də qatılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə