Dünya çempionu Deontey Uaylder titulunu qoruyub

Dünya Boks Şurasının (WBC) super ağır çəki dərəcəsində dünya çempionu amerikalı Deontey Uaylder Nyu-Yorkda keçirilən qarşılaşmada rəqibi Luis Ortisi məğlub edib.

D. Uaylder 10-cu raundunda texniki nokautla qalib gəlib.

Bu qələbə ilə 32 yaşlı D. Uaylder peşəkar rinqdə məğlubedilməzlik seriyasını qoruyub. Keçirdiyi 40 döyüşün hamısında qələbə qazanan amerikalı boksçu 39 görüşdə nokautla qalib gəlib və yeddinci dəfə titulunu qoruyub. 38 yaşlı L. Ortis isə 28 qələbəlik məğlubedilməzlik seriyasını qoruya bilməyib. Bu görüşün nəticəsində D. Uaylder 2,1 milyon, L. Ortis isə 500 dollar qonorar alıb.

Qeyd edək ki, bu boksçular arasında döyüş keçən ilin noyabrında planlaşdırılsa da, L. Ortis dopinq testindən keçə bilmədiyi üçün diskvalifikasiya edilib. D. Uaylder isə kanadalı Bermeyn Stivern ilə rinqə çıxıb və ilk raundda da nokautla qələbə qazanıb.

Super ağır çəki dərəcədə Dünya Boks Federasiyası (WBA) və Dünya Boks Federasiyasının (İBF) versiyaları üzrə dünya çempionu britaniyalı Antoni Coşua ilə Dünya Boks Təşkilatının (WBO) versiyası üzrə dünya çempionu Yeni Zelandiyalı Cozef Parker arasında qarşılaşma isə martın 31-də Kardifdə keçiriləcək.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə