Mahir Məmmədov: “Şahmatda reytinq hər şey demək deyil” - AÇIQLAMA

Azərbaycan Şahmat Federasiyasının (AŞF) vitse-prezidenti, "Odlar Yurdu" klubunun rəhbəri Mahir Məmmədov jurnalistlərə açıqlamasında oktyabrın 28-də Yunanıstanda start götürəcək milli komandalar arasında Avropa çempionatı haqqında fikirlərini bildirib. SİA-nın məlumatına görə, AŞF rəsmisi eyni zamanda komandaların kapitanlarının adını açıqlayıb: "Kişi şahmatçılardan ibarət Azərbaycan millisi həmişə olduğu kimi yarışa iddialı yollanacaq. Milli komandanın kapitanı olmaq həmişə böyük şərəfdir. Bu dəfə komandamıza Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov kapitanlıq edəcək. Qadınların yığmasına gəldikdə isə, xanım şahmatçılarımız qitə birinciliyində Fikrət Sideifzadənin rəhbərliyi altında çıxış edəcəklər. Xanım şahmatçılar həmişə bizi yaxşı mənada təəccübləndirir. Türkiyədə keçirilən Avropa Çempionlar Kubokunda gümüş medal qazandılar. Bu nəticə qadın şahmatçılardan ibarət yığmaya böyük stimul olacaq".

KlublarımızınTürkiyədə təşkil edilən Avropa Çempionlar Kubokundakı çıxışına toxunan Mahir Məmmədov hər iki komandadan razı qaldığını söyləyib: "Hər iki komandamız uğurlu çıxış etdi. Bildiyiniz kimi, son illər Azərbaycanı bu yarışda "SOCAR-Azerbaijan" təmsil edirdi. Bu klub iki dəfə Avropa Çempionlar Kubokunun qalibi olub. Bu dəfə "Odlar Yurdu" adlı komandamız həm kişilər, həm də qadınların yarışında çıxış etdi. Kişi şahmatçılarımız bürünc, qadınlardan ibarət kollektiv isə gümüş qazandı. Hər iki komandamız reytinqə görə iddialı hesab olunmurdu. Onlar reytinqlərindən üstün çıxış etdilər. Bu bir daha sübut edir ki, şahmatda reytinq hər şey demək deyil. Komandada olan yüksək əhval, mehribanlıq nəticəyə də təsir edir. Şahmatçılarımızın çıxışından razıyam. İnanıram ki, növbəti yarışlarda da yaxşı oyun nümayiş etdirəcəklər".

Onun sözlərinə görə, FİDE qadınlar arasında Qran-Pri turnirinin bir mərhələsini Bakıda keçirmək təklifini irəli sürüb: "Bu məsələ müzakirə səviyyəsindədir. Amma hazırda heç bir razılaşma yoxdur".

Mahir Məmmədov eyni zamanda Azərbaycan şahmatçılarının İddiaçılar Turnirinə vəsiqə qazanmaq şansının yüksək qiymətləndirib: "Noyabrda İspaniyada baş tutacaq Qran-Pri şahmatçılarımız üçün həlledici turnirdir. Şəhriyar Məmmədyarov artıq iştirak limitini başa vurub. Teymur Rəcəbov daha bir yarışda - Palma de Malyorkadakı turnirdə çıxış edəcək. Rəcəbova iddiaçılar sırasına düşmək üçün mükafatçılardan biri olmaq yetərlidir. Ümumilikdə digər şahmatçıların çıxışı da çox önəmlidir. Ona görə son yarışı gözləmək vacibdir. Hər ikisinin İddiaçılar Turnirinə vəsiqə qazanmaq şansları yüksəkdir".

Müəllif: Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə