Bakıda daha bir beynəlxalq seminar-konfrans işə başladı FOTOLAR

Bakıda daha bir beynəlxalq seminar-konfrans işə başladı FOTOLAR

Bu gün Avropa Milli Olimpiya Akademiyalarının iştirakı ilə “Olimpiya Gündəliyi-2020 və Olimpiya Hərəkatınn gələcəyi” mövzusunda seminar-konfrans öz işinə başlayıb. SİA-nın məlumatına görə, Milli Olimpiya Komitəsində (MOK) keçirilən tədbirdə MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, Avropa Olimpiya Akademiyaları Assosiasiyasının prezidenti professor Manfred Leammer (Almaniya), assosiasiyanın vitse-prezidenti və Ukrayna Olimpiya Akademiyasının prezidenti professor Mariya Bulatova (Ukrayna), MOK-un baş katibi və Milli Olimpiya Akademiyasının direktoru Ağacan Abıyev iştirak edib.

Tədbiri giriş sözü ilə açan MOK-un vitse-prezidenti Ç.Hüseynzadə Azərbaycan Milli Olimpiya Komitəsinin yaranması, ölkəmizin müstəqillik illərində əldə etdiyi idman uğurları, Azərbaycanda Olimpiya hərəkatının inkişafından danışıb: “Azərbaycan Olimpiya ideyalarına sadiq ölkədir. Gələn il ölkəmizdə Milli Olimpiya Akademiyasının yaranmasının 20 illiyi qeyd olunacaq. Beynəlxalq və Avropa Olimpiya Komitələri Azərbaycana çox böyük dəyər və qiymət verir. Azərbaycan Milli Olimpiya Komitəsinin yaranmasının 25 illiyi ilə əlaqədar MDB, Baltikyanı ölkələr və Gürcüstanın Milli Olimpiya Komitələrinin Forumu və Avropa Olimpiya Komitələrinin İcraiyyə Komitəsinin iclası ölkəmizdə keçirilir. Bu da Azərbaycanda Olimpiya hərəkatının inkişafından xəbər verir. MOK-un 25 illik silsilə tədbirlərinə MOA-nın seminarının daxil olması da təsadüfi deyil. MOK Olimpiya Hərəkatı, xüsusilə Olimpiya Gündəliyi 2020-nin təbliğatı ilə aktiv şəkildə məşğuldur. Elə buna görə də, MOK-da “Olimpiya Gündəliyi 2020” Komissiyası işə başladı. Bu ilin əvvəlindən Komissiya “İdman hamı üçün”, “Gender bərabərliyi” şüarları altında aktiv fəaliyyət göstərir”.

Daha sonra professor Manfred Leammer “Pyeongchang 2018 - Qış Olimpiya Oyunları – Milli Birliyə addım” Korea ümidləri və alman təcrübəsi” mövzusunda, professor Mariya Bulatova isə “Uğurlu olimpiya idman siyasəti: keçmiş və gələcək” mövzusunda çıxış edib.

Qeyd edək ki, oktyabrın 5-dək davam edəcək tədbir çərçivəsində konfrans iştirakçıları Olimpiya Hərəkatı və oyunları, Olimpiya dəyərləri haqqında məruzə ilə çıxış edəcəklər. Konfrans Avropa Olimpiya Akademiyasının dəstəyi ilə Olimpiya təhsilinin təbliği və Olimpiya idmanında elmi-tədqiqat işlərinin aktivləşdirilməsi məqsədi daşıyır.

Seminar – konfransın təşkilatçıları Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi və Azərbaycan Təhsil Nazirliyidir. Ən yaxşı 3 məruzə diplomlarla mükafatlandırılacaq.

Oktyabrın 3-4-də məruzə çıxışları və Avropa Olimpiya Akademiyaları Assosiasiyasının təşəbbüs iclasları keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə