Azərbaycan klublarının mümkün rəqibləri müəyyənləşib

Azərbaycan klublarının mümkün rəqibləri müəyyənləşib

Bu gün UEFA Avropa Liqasında III təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib. SİA-nın məlumatına görə, İsveçrənin Nyon şəhərində təşkil edilən tədbir Bakı vaxtı ilə saat 15:00-da başlayıb.

Püşkatmada Azərbaycan klublarının da mümkün rəqibləri bəlli olub. Avropa Liqasında çıxış edən “Qəbələ”, “İnter” və “Zirə”nin növbəti rəqibinin kimliyi bilinib.

“Qəbələ” – “Yagelloniya” cütünün qalibi “Panatinaikos” (Yunanıstan) ilə üz-üzə gələcək. Təmsilçimiz mərhələ keçsə, ilk oyun Afinada baş tutacaq.

“Astra” - “Zirə” qarşılaşmasında güclü olan komanda isə “Aleksandriya” (Ukrayna) ilə münasibətlərinə aydınlıq gətirəcək. Qəsəbə klubu bu səddi adlasa, ilk matçı evdə oynayacaq.

“İnter” – “Fola” cütündə mərhələ adlayacaq klub isə “Ostersun” (İsveç) - “Qalatasaray” (Türkiyə) cütünün qalibi ilə qarşılaşacaq. Bakılıların yer aldığı cütün qalibi ilk qarşılaşmanı səfərdə keçirəcək.

Qeyd edək ki, III təsnifat mərhələsinin ilk oyunları iyulun 27-də, cavab matçları avqustun 3-də baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə