“Qarabağ” gürcü klubunu darmadağın etdi!

“Qarabağ” gürcü klubunu darmadağın etdi!

“Qarabağ” bu gün yeni avrokubok mövsümünə start verib. Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu ardıcıl 4-cü dəfə qatıldığı Çempionlar Liqasında ilk görüşünə çıxıb. Qitənin ən nüfuzlu turnirinə II təsnifat mərhələsindən başlayan Ağdam təmsilçisi “Samtredia” ilə üz-üzə gəlib.

Matça olduqca sürətli başlayan təmsilçimiz erkən qol vurmağa müyəssər olub. Əfran İsmayılov 10-cu dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirib. Hücumlarını davam etdirən ağdamlılar 37-ci dəqiqədə daha bir dəfə fərqləniblər. Bu dəfə Dino Ndlovu qapını düzgün nişan alıb. CAR millisinin keçmiş üzvü hissənin tamamına saniyələr qalmış özünə qarşı kodubluğa görə təyin olunmuş ikinci penaltini də boşa verməyib. İlk 45 dəqiqə 3:0 hesabı ilə başa çatıb.

İkinci yarıya rəqib hücumlarla başlasa da, çempionumuz soyuqqanlılıqla müdafiə olunub. Rəqibə öldürücü zərbə isə son 10 dəqiqədə vurulub. Əvvəlcə sona 7 dəqiqə qalmış yeni transfer Donald Gerryer debüt oyununda azarkeşləri qolla salamlayıb. Ardınca isə Miçel pərdəni endirən zərbənin müəllifi olub - 5:0.

Beləliklə, Gürcüstan təmsilçisi ötən il "Qəbələ" ilə oyunda olduğu kimi (5:1) bu dəfə də paytaxtımızdan biabırçı məğlubiyyətlə ayrılıb.

Çempionlar Liqası

II təsnifat mərhələsi, ilk oyun

11 iyul

“Qarabağ” (Azərbaycan) – “Samtredia” (Gürcüstan) - 5:0

Qollar: Əfran İsmayılov, 10 (pen.), Dino Ndlovu, 37, 45+1, Donald Gerryer, 83, Miçel, 90+2

Baş hakim: Mete Kalkavan

Baş hakimin köməkçiləri: Esat Sancaktar, Erdem Bayik

Dördüncü hakim: Halil Umut Meler (hamısı Türkiyə)

UEFA nümayəndəsi: Qrehem Hover (İngiltərə)

Hakim-inspektor: Vladimir Antonov (Moldova)

Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu

“Qarabağ”: 13. İbrahim Şehiç (q), 2. Qara Qarayev, 5. Maksim Medvedev, 8. Miçel, 9. Dino Ndlovu, 11. Mahir Mədətov, 14. Rəşad Sadıqov (k), 22. Əfran İsmayılov, 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov, 91. Coşqun Diniyev

Ehtiyat oyunçular: 1. Anton Kanibolotski (q), 7. Rahid Əmirquliyev, 17. Donald Gerryer, 20. Riçard Almeyda, 21. Arif Daşdəmirov, 44. Ağabala Ramazanov, 52. Yakub Jejniçak

Baş məşqçi: Qurban Qurbanov

“Samtredia”: 12. Omar Migineşvili (q), 3. Laşa Kasradze, 4. Nika Sandoxadze, 6. Culi Mancqaladze, 7. Davit Razamaşvili, 8. Teymuraz Markozaşvili, 10. Nikolozi Sabandze, 22. Giorgi Mçedlişvili, 24. Bakar Balde, 26. Giorgi Datunaşvili, 77. Quram Samuşia

Ehtiyat oyunçular: 30. İlya Sturua, 2. David Mtvilişvili, 11. Giorgi Beriaşvili, 14. Davit Jikia, 17. Akaki Ninua, 18. Jemal Qoqiaşvili, 21. Giqla Burkadze

Baş məşqçi: Gia Tsetsadze

Bütün xəbərlər Facebook səhifəmizdə