Bakıda Formula 1 yarışı başlayır FOTOSESSİYA

Bakıda Formula 1 yarışı başlayır FOTOSESSİYA

Bu gün Formula 1 üzrə Azərbaycan Qran-Prisinin bütün zonaları bilet almış azarkeşlər üçün açılacaq. SİA-nın məlumatına görə, bilet sahibləri saat 14:00-dan bütün ərazilərə sərbəst daxil ola biləcəklər. Yarışı işıqlandıran media nümayəndələri isə səhər saatlarından Media Mərkəzində yerlərini tutublar. Dünyanın bir çox ölkələrindən gələn jurnalistlər yarış öncəsi hazırlıq işləri haqqında məlumatlar hazırlayırlar.

Yarışın Paddok ərasizində isə Qran-Prinin son hazırlıq işləri aparılır. Bakıda mübarizə aparacaq bütün komandalar artıq lazımi avadanlarını burada yerləşdiriblər. Texniki heyətlər bolidlərdə sazlama işləri aparır, yarış üçün lazım olan vasitələri sınaqdan keçirirlər.

Könüllülər isə Bakı Şəhər Halqası və ətraf ərazilərdə komanda üzvləri, azarkeşlər və şəhərimizə gəlmiş qonaqlara yaxından kömək edirlər.

Trek ətrafındakı əyləncə zonalarında da işlər başa çatıb. Bilet almış azarkeşlər bu zonlara daxil olaraq müxtəlif əyləncə tədbirlərində iştirak edə bilərlər.

Bu gün həmçinin dördgünlük bilet sahibləri üçün Pit Yolu gəzintizi də təşkil ediləcək. Saat 19:00-dan 20:30-dək davam edəcək gəzintidə azarkeşlər komandaların qarajları, hazırlıq işləri və pit yolu ilə tanış olacaqlar.

Qeyd edək ki, sabahdan isə (23 iyun) saat 10:00-dan etibarən bilet sahibləri bütün zonalara daxil ola biləcəklər.

Sabah Formula 2 üzrə sərbəst yürüş və sıralanma turu, Formula 1 üzrə iki sərbəst yürüş, bir neçə komandanın pilotlarının avtoqraf sessiyaları və dünya ulduzu Tarkanın konserti təşkil olunacaq.

Müəllif: Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə