Taekvondoçularımızın uğurları ilə bağlı mətbuat konfransı keçirilib
Bu gün Gənclər və İdman Nazirliyində taekvondo üzrə kişilərdən ibarət yığma komandamızın komandalararası dünya çempionatında ardıcıl ikinci dəfə qızıl medal qazanması və Azərbaycan (ATF) Taekvondo Federasiyasının Ümumdünya Taekvondo Federasiyası tərəfindən "ilin ən yaxşı milli assosiasiyası" seçilməsi ilə bağlı mətbuat konfransı keçirilib. SİA-nın məlumatına görə, tədbirdə çıxış edəngənclər idman nazirinin müavini İsmayıl İsmayılov Azərbaycanda taekvondo idman növünün inkişafından danışıb. O, millimizin dünya çempionatındakı çıxışını yüksək qiymətləndirib.
Nazir müavini taekvondoçularımızın Rio Olimpiya Oyunlarındakı uğurlarını xatırladıb, bu növün inkişafında xidməti olan hər kəsə minnətdarlığını bildirib.
ATF-in vitse-prezidenti Nağı Səfərov yığmamızın iki il ardıcıl dünya çempionu olmasını yüksək hazırlıqla əlaqələndirib: "2015-ci ildə Mexikoda qazandığımız dünya çempionu titulunu 2016-cı ildə Bakıda qoruduq. Yarışda dünyanın ən güclü 8 komandası iştirak edirdi. Yığmamız hər iki uğuru baş məşqçi Reza Mehmandoustun rəhbərliyi altında qazanıb".
O, 2017-ci ildə bir sıra yeni bazaların açılacağını qeyd edib: "Belə bazanı ilk növbədə cəbhə bölgəsi olan Ağdamda açmağı planlaşdırırıq".
ATF-nin digər vitse-prezidenti Niyaməddin Paşayev Radik İsayevin Qran-pridə məğlubiyyətinə aydınlıq gətirib: "Olimpiya Oyunlarından sonra istirahət üçün vaxt olmadı. Komanda yenidən hazırlığa başladı. Biz Radiki Qran-priyə buraxmaq istəmirdik. Lakin qaydalara əsasən, o, yarışda iştirak etməliydi. Onun orda döyüşməməyi üçün tibbi arayış lazım idi. Bu onun Qran-priyə qatılması dünya çempionatında iştirakı üçün lazım idi. Amma Qran-pridə qalib gələn idmançı belə reytinqdə ona çatmadı".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB