Bakıda dünya çempionatına start verilib

Bakıda dünya çempionatına start verilib

Bu gün Bakıda taekvando üzrə komandalararası dünya çempionatına start verilib. SİA-nın məlumatına görə, "Sərhədçi" Olimpiya İdman Mərkəzində iki gün davam edəcək yarışda həm kişilər və həm də qadın taekvandoçular iki qrupda mübarizə aparacaqlar.

Kişilərin mübarizəsində Məhəmməd Məmmədov (-63 kq), Ayxan Tağızadə, Sina Bahrami (hər ikisi -68 kq), Səid Quliyev (-74 kq), Milad Beigi Harçeqani (-80 kq) və Radik İsayev (+87 kq) güclərini sınayacaqlar.

Qadınlardan ibarət komandanın heyətində Azərbaycanı Safiye Polat (-49 kq), Zeyvi Kərimova və Gülhanım Yeşildal ( hər ikisi -57 kq), Yaprak Eriş (-62 kq), Melissa Paqnotta (-67 kq), Reşmiye Ooqink (-73 kq) təmsil edəcəklər.

Kişi komandaların mübarizəsində "A" qrupunda İran, Rusiya, Koreya Respublikası və Türkiyə, "B" qrupunda isə Azərbaycan, Belçika və ABŞ yer alıb.

Qadın komandaların yarışında isə "A" qrupunda Çin, Rusiya, İtaliya və Fransa, "B" qrupunda Azərbaycan, ABŞ, Koreya Respublikası və Türkiyə qərarlaşıb.

Bu gün yalnız qrup görüşləri baş tutacaq. Yarımfinal və final mərhələsi dekabrın 13-də keçiriləcək.

Kişilərin yarışında iştirakçıların ümumi çəkisi 373 kiloqramdan artıq olmamalıdır. Qadınlarda bu məhdudiyyət 318 kiloqramdır.

Azərbaycanı bu dünya çempionatında beynəlxalq dərəcəli hakimlər Elşən Quliyev, Oh Kvanq Çeol və Elşad Məmmədov təmsil edirlər.

Dünya çempionatı "G2" kateqoriyalı yarış olduğundan, qalib komandanın hər bir üzvünün aktivinə 20 reytinq xalı əlavə olunacaq. Gümüş mükafatçılar 12, bürünc mükafatçılar isə 7.2 xal əldə edəcəklər.

Sonuncu turnirin qalibi olan Azərbaycan milli komandası bu dəfə dünya çempionu titulunu qorumaq uğrunda mübarizəyə aparır.

Bütün xəbərlər Facebook səhifəmizdə