Cüdoçularımız Avropa Kubokunun ilk gunundə 2 medal qazanıblar

Cüdoçularımız Avropa Kubokunun ilk gunundə 2 medal qazanıblar

Avstriyanın Leybnitz şəhərində gənclər arasında cüdo üzrə Avropa Kubokuna start verilib. Judoonline.info-dan siasport.az saytına verilən məlumata görə, 15 cüdoçudan ibarət milli komandamızın 12 üzvü ilk gündə tatami üzərində mübarizə aparıb. Onlardan yalnız iki nəfər uğur qazanaraq fəxri kürsüyə qalxa bilib. 66 kq çəki dərəcəsində mübarizə aparmış idmançımız Mahir Cəfərli yalnız finalda məğlubiyyət acısı dadıb və nəticədə 2-ci yerə çıxaraq gümüş medal qazanıb.

Digər mükafatı isə Əli Rzayev (-60 kq) qazanıb. O, öz çəki dərəcəsində 3-cü yeri tutaraq bürünc medalla təltif olunub.

55 kq çəki dərəcəsində çıxış etmiş cüdoçularımız Oruc Vəlizadə və Vüsal Şabanlı yarımfinala kimi bütün rəqiblərinə qalib gəliblər. Hər ikisi bu mərhələdə məğlub olaraq finala çıxa bilməyiblər. Onlar bürünc medal qazanmaq şansından da istifadə edə bilməyərək 3-cü yer uğrunda həlledici görüşdə də uduzaraq turniri 5-ci yerdə başa vurublar.

5-ci yerə çıxmış digər idmaçımız Vüqar Şirinli (60 kq) olub.

İlk onluqda yer almış daha iki cüdoçumuz isə Fəqan Eminoğlu (-73 kq, 7-ci yer) və Nurlan Əliyev (60 kq, 9-cu yer) olub.

Turnirin 2-ci və son günündə tatami üzərinə daha 3 cüdoçumuz çıxacaq: Əbdülhəqq Rəsullu, Məmmədəli Mehdiyev (hər ikisi -81 kq) və Hikmət Alışov (-90 kq).

Medal qazanmış idmançılarımızı təbrik edirik! Növbəti gündə mübarizə aparan cüdoçularımıza isə uğurlar arzu edirik!

Bütün xəbərlər Facebook səhifəmizdə