Planetin ən güclü şahmatçılarının reytinq siyahısında iki şahmatçımız yer alır

Planetin ən güclü şahmatçılarının reytinq siyahısında iki şahmatçımız yer alır

Beynəlxalq Şahmat Federasiyası Planetin ən güclü şahmatçılarının may ayı üçün reytinq siyahısını dərc edib. Siasport.az saytı xəbər verir ki, bu siyahıdakı ilk onluqda Azərbaycanın iki nümayəndəsinin adı vardır. Reytinqi 2772-yə bərabər olan Şəhriyar Məmmədyarov 9-cu mövqeyi qoruyub saxlayıb. Vüqar Həşimov sürətlə irəliləməkdə davam edir. O, son iki ayda 11-ci yerdən 10-cu yerə qalxmışdır. Hazırda onun reytinqi 2760-dır. Bu, fevralın sonundakı vəziyyətlə müqayisədə 14 xal çoxdur. Teymur Rəcəbov isə reytinq siyahısında 12-ci yerdən 13-cü yerə düşüb. Lakin onun reytinq əmsalı dəyişməyib – 2744. Aktivindəki xalların sayını 12 vahid artırmış Rauf Məmmədov hazırda 2679 xal ilə 62-ci yerdədir. Xatırladaq ki, iki ay əvvəl R.Məmmədov bu siyahıda 77-ci yerdə idi. Cədvəlin yuxarı hissəsində dəyişiklik yoxdur. Hindistanlı Vişvanatan Anand 2817 xal ilə yenə birinci yerdədir. Qadınların reytinq siyahısında birinci yeri Macarıstan nümayəndəsi Yudit Polqar tutur (2699 xal). Komanda reytinqində Azərbaycan və ABŞ komandaları 9-10-cu yerləri bölüşdürürlər. Hər iki ölkənin reytinq əmsalı (on ən yaxşı şahmatçının orta göstəricisi) 2639 xaldır. Bu siyahıda birinci yeri Rusiya (2734), ikinci yeri Ukrayna (2696), üçüncü yeri Çin (2659) tutur.

Bütün xəbərlər Facebook səhifəmizdə