“Qarabağ”ın məşqçisi “Şaxtyor”un təşkil etdiyi seminarda iştirak etdi
"Qarabağ" klubunun fiziki hazırlıq üzrə məşqçisi Çudomir Çokarov bu günlərdə Ukraynanın məşhur "Şaxtyor" klubunun Donetsk şəhərində təşkil etdiyi seminarda iştirak edib. Siasport.az saytı xəbər verir ki, dünya nəhənglərindən sayılan "İnter", "Barselona", "Ayaks" və "Şaxtyor"un mütəxəssislərinin keçirdiyi seminar 2 gün davam edib. Çokarov açıqlamasında seminarı dəyərləndirib: "Qeyd etdiyiniz kimi, seminarı "Şaxtyor" təşkil etmişdi. Ev sahibləriylə yanaşı "Ayaks", "Barselona", "İnter"in nümayəndələri də uşaq-gənc futbolunun inkişaf konsepsiyaları haqqında məruzə etdilər. Faydalı müzakirələr edildi. Konfrans 2 hissədən ibarət idi. İlk öncə səhərlər nəzəri məşğələlər keçirilirdi. Seminarı klub nümayəndələri aparırdılar. Axşam isə seminarda iştirak edənlər məşq keçir və sonra da hazırlığı müzakirə edirdilər. Məşqləri "Şaxtyor"un aşağı yaş qruplarında edirdik. Donetsk və ətrafında "Şaxtyor"un 7 filialı və onlarla məktəbi fəaliyyət göstərir. Konfransda "Şaxtyor"un 60 məşqçisiylə yanaşı, başqa ölkələrdən eyni sayda nümayəndələr vardı. Azərbaycandan sadəcə "Qarabağ" FK-nın nümayəndəsi iştirak edirdi. Tədbirlə bağlı təəssüratlarım olduqca müsbətdir. Futbol fəlsəfəsi haqqında edilən müzakirələr, inkişaf metodologiyası haqqında söhbətlərin olduqca effektli alındığını düşünürəm. Xüsusilə, "Şaxtyor"un dünya klubu olması yönündə atdığı addımları təqdirəlayiqdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB