Rüstəm Orucov və Orxan Səfərov Atletlər kəndində mükafatlandırıldılar FOTOLAR

Rüstəm Orucov və Orxan Səfərov Atletlər kəndində mükafatlandırıldılar FOTOLAR

Rio-de-Janeyronun Atletlər kəndində, Azərbaycan nümayəndə heyətinin qərargahında "Rio-2016" Yay Olimpiya Oyunlarında cüdo idman növü üzrə ilk səkkizlikdə yer almış idmançılarımız Rüstəm Orucov və Orxan Səfərovun mükafatlandırılma mərasimi keçirilib.

Braziliyada olan Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədovanın SİA-ya verdiyi məlumata görə, mərasimdə Azərbaycan nümayəndə heyətinin rəhbəri İlham Mədətov, cüdoçular və məşqçilər iştirak ediblər. İlham Mədətov Rüstəm Orucova "Rio-2016"da Azərbaycana ilk gümüş medalı qazandırdığına görə təşəkkür edib. O, qeyd edib ki, Rüstəmin medal qazanması digər idmançılar üçün də stimul olub, onlara qələbə əzminin artmasında çox böyük ruh yüksəkliyi verib.

İlham Mədətov Rüstəm Orucova və Orxan Səfərova Beynəlxalq Olimpiya Komitəsinin (IOC) prezidenti Tomas Bax və "Rio-2016" təşkilat komitəsinin sədri Karlos Vuzmanın imzaları ilə sertifikatları təqdim edib.

Daha sonra Orxan Səfərov ad günü münasibəti ilə təbrik olunub, ona xoş arzular bildirilib.

İlham Mədətov eyni zamanda mükafatlandırma mərasimində Rüstəm Orucova gümüş medal qazanması münasibətilə Azərbaycan nümayəndə heyəti adından xatirə hədiyyəsini də təqdim edib.

Görüş çay süfrəsi arxasında səmimi söhbətlə davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə