Aleksandr Şemonayev: \"\"Simurq\" məni öz heyətində görmək istəmədi\"-MÜSAHİBƏ

Aleksandr Şemonayev: \"\"Simurq\" məni öz heyətində görmək istəmədi\"-MÜSAHİBƏ

Siasport.az saytı "Abşeron" klubunun futbolçusu Aleksandr Şemonayevin müsahibəsini təqdim edir:

- Oxucularımıza futbolçu karyeranız barədə məlumat ver.

- Mənim elə böyük, futbolçu karyeram olmayıb. Zaqatala rayonunda doğulmuşam. Uzun illlər rayonun "Daşqın" klubunun şərəfinin qorumuşam. Hətta arada futbolu tərk etmək məcburiyyətində qaldım. Peşəkar futbol karyerama isə "Neftçi" İSM-də başlamışam.

- "Abşeron" klubuna gəlişiniz necə oldu?

- Ötən ilin yayında "Abşeron" klubundan təklif gəldi. Məndə tərəddüd etmədən bu dəvəti qəbul etdim. Sonralar şahidi oldum ki, seçimimdə yanılmamışam. Mən həqiqətən də, güclü bir kollektivə düşmüşəm.

- Komandanın ölkə çempionatındakı çıxışını necə dəyərləndirərsiniz?

- Çox yüksək qiymətləndirirəm. "Abşeron" çempionatda inamla liderlik edir və bütün matçlarda gözəl futbol nümayiş etdirir.

- "Abşeron"un digər çıxış etdiyiniz komandalardan fərqləndirən xüsusiyyətləri varmı?

- Əla komandamız var. Yüksək əhval-ruhiyyə hökm sürür. Futbolçu üçün hər cür şərait yaradılıb.

- Kubok uğrunda oyunlarda Premyer Liqanın 2 təmsilçisini yendikdən sonra ölkə çempionu "İnter"ə qarşı kifayət qədər məzmunlu, əzmkar oyun nümayiş etdirib mübarizəni dayandırdınız. Siz özünüz bu oyunları necə dəyərləndirirsiniz?

- Biz hamımız göstərdiyimiz oyundan razı qaldıq. Xüsusilə mənim üçün "Simurq"a qarşı olan oyun daha prinsipial idi. Mən Zaqatalada doğulub, boya başa çatdığıma baxmayaraq dəfələrlə bu klubun şərəfini qorumaq istəmişəm. Lakin "Simurq" məni öz heyətində görmək istəmədi. Bu oyunda sübut etdim ki, onlar yanılıblar.

- Gələcək planlarınız barədə nə deyə bilərsiniz?

- Mən futbolçu karyeramı "Abşeron"suz təssəvvür etmirəm.

- Hər bir futbolçunun azarkeşlik etdiyi futbolçu, komanda olur. Bəs, Aleksandr Şemonayev hansı kluba azarkeşlik edir, hansı futboçunun oyununu bəyənir?

- Mən "Barselona" komandasının azarkeşiyəm. Pərəstiş etdiyim futbolçu isə Zinəddin Zidandır.

- Sonda aprelin 3-də oynanılacaq "Abşeron"- "Neftçi"İSM matçına proqnozunuzu bilmək maraqlı olardı.

- İnşallah hər oyunda olduğu kimi bu görüşə qələbə əzmi ilə çıxacağıq.

Bütün xəbərlər Facebook səhifəmizdə