Valentin Demyanenko: “Uzun müddət turnirlərdən kənarda olmağım yarış təcrübəmə elə də mane olmayıb”-MÜSAHİBƏ

Valentin Demyanenko: “Uzun müddət turnirlərdən kənarda olmağım yarış təcrübəmə elə də mane olmayıb”-MÜSAHİBƏ

Azərbaycan avarçəkənləri yeni mövsümün hazırlıqlarına başlayıb. Siasport.az saytı xəbər verir ki, akademik avarçəkənlərimizin ardından kayak və kanoeçilərimiz də qış hazırlığı prosesində iştirak edirlər. Məqsəd isə 2012-ci il London Yay Olimpiya Oyunlarına daha çox lisenziya qazanmaqdan ibarətdir. Lisenziya yarışları isə məhz bu il keçiriləcək dünya çempionatı ilə start götürür. Avarçəkənlərimiz arasında xüsusən kanoeçilərimizin olimpiadaya vəsiqə şansları yüksək qiymətləndirilir. Onlardan Valentin Demyanenko artıq 2009-cu ildə dünya və Avropa çempionu olmaqla nəyə qadir olduğunu ortaya qoyub. Ötən il o, heç bir nüfuzlu yarışda iştirak etməsə də, lisenziya yarışlarına qatılmaq niyyətindədir. Hazırda xaricdə təlim-məşq toplantısında olan Demyanenko federasiyanın saytına müsahibəsində hazırlıq prosesi və gələcək planları barədə danışıb:

- Məşqləriniz necə gedir?

- Artıq 10 gündən çoxdur ki, Bolqarıstanın Belmiken bazasında təlim-məşq toplantısındayıq. Məndən əlavə daha 4 kanoeçi - Sergey Bezuqlıy, Maksim Prokopenko, Andrey Kraytor, Adnan Əliyev və 1 kayakçı – Tamerlan Mustafayev də burada məşq edir. Toplantımız martın 6-dək davam edəcək. Get-gedə hazırlıq prosesimizi intensivləşdiririk. Məşqlərimiz yüksək səviyyədə davam edir.

- Hazırlıq prosesinizə nələr daxildir?

- Təlim-məşq toplantımız fiziki hazırlığımızı və dözümlülüyümüzü artırmağa yönəlib. Bunun üçün burada hər cür şəraitimiz var. Yüksək dağlıq ərazidə hazırlaşırıq. Hər güc xizək sürür, trenajor zalında ağırlıq qaldırır, konsept vasitəsilə nəyə qadir olduğumuzu nümayiş etdirirk. Mənə elə gəlir ki, bu məşqlərin müsbət təsirini tezliklə görəcəyik.

- 2009-cu ildə Avropa və dünya çempionu oldunuz. Amma ötən il xaricdə keçirilən heç bir yarışa qatılmadınız. Bu, nə ilə əlaqədar idi?

- 2010-cu ildə zədə üzündən təlim-məşq toplantıları və nüfuzlu yarışları buraxmalı oldum. Məşqlərin birində qabırğamdan xəsarət almışdım. Ağrılar yüksək səviyyədə məşqlər etməyimə imkan vermirdi. Demək olar ki, ilboyu zədəmin müalicəsi ilə məşğul oldum. Yalnız ötən ilin noyabrında Beynəlxalq Mingəçevir Reqatasında gücümü sınadım.

- İndi hər şey qaydasındadır?

- Əlbəttə. Artıq tam qüvvə ilə məşqlər edirəm və istədiyim kimi hazırlaşa bilirəm. Müalicə prosesim uğurla başa çatıb. Artıq səhhətimdən şikayətim yoxdur.

- Əvvəlki formanızı yığa bilmisiniz?

- Bəli. Gündəlik məşqlər vasitəsilə formamı bərpa etməkdəyəm. Fikrimcə, get-gedə daha yaxşı hazırlıq səviyyəsində olacağam.

- Bəs uzun müddət heç bir turnirdə iştirak etməməyiniz yarış praktikanıza necə təsir göstərib?

- Təbii ki, uzun müddət yarışlardan kənarda qalmaq, dünyanın ən güclü kanoeçiləri ilə mübarizə aparmamaq yarış praktikama təsirsiz ötüşməyə bilməz. Amma məşqlər zamanı öz imkanlarımı sınaqdan çıxarmışam. Məncə, uzun müddət nüfuzlu turnirlərdən kənarda olmağım yarış təcrübəmə elə də mane olmayıb.

- Bəs bu il ilk yarışınız nə vaxt olacaq?

- Martın 10-da Mingəçevir şəhərində Beynəlxalq Prezident Kuboku Reqatası start götürəcək. Bu yarış artıq 4-cü ildir keçirilir. Deyə bilərəm ki, həm iştirakçı ölkələrin sayı, həm də idmançıların keyfiyyəti baxımından bu reqata ildən-ilə səviyyəsini yüksəldir. Digər tərəfdən, Azərbaycanda rəqabətə davamlı kanoeçilər yetişib. Onlarla və xaricdən gəlmiş kanoeçilərlə mübarizə aparmaq nəyə qadir olduğumu görməyim üçün bir fürsətdir. Ona görə də Prezident Kuboku reqatasında çıxış edəcəyəm.

- Amma yəqin ki, əsas sınaq 2012-ci il London Yay Olimpiadasına lisenziya xarakterli dünya çempionatı olacaq. 17 – 21 avqustda Macarıstanın Seqed şəhərində təşkil olunacaq çempionat ərəfəsində hansı yarışda mübarizə aparmaq niyyətindəsiniz?

- Lisenziya xarakterli dünya çempionatınadək Dünya Kubokunun mərhələ yarışları və Avropa çempionatı keçiriləcək. Amma mən 17 – 19 sentyabrda Serbiyanın paytaxtı Belqradda təşkil olunacaq Avropa çempionatında çıxış etmək niyyətindəyəm. Hələ bu barədə danışmaq tezdir. Konkret qərarı yığmanın məşqçilər heyəti ilə məsləhətləşmələrdən sonra verəcəyik.

- Hansı məsafələrə yürüşlərdə çıxış edəcəksiniz?

- Hazırda yalnız 200 metr olimpiya məsafəsi sayılır. Ona görə də bütün hazılığımı bu məsafəyə yürüşə yönəltmişəm. Prezident Kuboku reqatasında 1 nəfərlik qayıqla 200 metr, Avropa və dünya çempionatlarında isə 200 metr və 500 metr məsafələrə yürüşlərdə çıxış edəcəyəm.

- Ötən ilki Avropa və dünya çempionatlarını izləmisinizsə, hansı analizlər aparmısınız və gəldiyiniz nəticə nədən ibarət olub?

- Təbii ki, izləmişəm. Rusiyalı İvan Ştilin 200 metr məsafəyə yürüşdə 39,161 saniyə nəticə ilə qalib gəldiyindən xəbərdaram. Mən isə 2009-cu il dünya çempionatında bu məsafəni 39,048 saniyəyə qət etmişdim. Bunu rəqiblərimin imkanlarını kiçiltmək üçün yox, öz gücümü müqayisə etməkdən ötrü deyirəm. Rəqiblərimin hər birinə isə hörmətlə yanaşıram və onların çıxışlarına hər hansı şərh vermək fikrindən uzağam.

- Olimpiadaya vəsiqə qazana bilsəniz, hədəfiniz nədən ibarət olacaq?

- İlk hədəfim olimpiadaya lisenziya qazanmaqdır. Bu, hər bir idmançı kimi, mənim də arzumdur. Arzuma çatsam, dördilliyin ən nüfuzlu idman tədbirində ilk dəfə iştirak etmiş olacağam. İstənilən yarışda məqsədim isə daha yaxşı çıxış etməkdir. Olimpiada medalını qazanıb-qazanmayacağıma gəldikdə, yaşayarıq-görərik.

- Olimpiadaya hazırlıq üçün xüsusi planınız var?

- Əlbəttə. Bu, daha güclü və daha sürətli hazırlığı nəzərdə tutur. Məşqçilərin köməyilə bu planı yüksək səviyyədə həyata keçirməyə çalışıram. Artıq Mingəçevirdə dünya standartlarına cavab verən avarçəkmə bazası istifadəyə verilib. "Kür" Olimpiya Təlim-Tədris Mərkəzi adlanan bu bazanın imkanlarından lazımınca yararlana bilirik. Bütün bu imkanlar sayəsində qarşıma qoyduğum hədəflərə çatmağa çalışacağam.

Bütün xəbərlər Facebook səhifəmizdə