Cüneyt Biçər: “Yenidən Azərbaycana qayıdıb, hər hansı bir klubla uğur qazanmaq istərdim” - MÜSAHİBƏ
"Bakı" klubunun keçmiş baş məşqçisi, türkiyəli mütəxəssis Cüneyt Biçərin Türkiyədən siasport.az saytına eksklüziv müsahibəsi:
- "Bakı"dan sonra hansı komandanı çalışdırmısınız ?
- Türkiyəyə qayıtdım. İzmir
şəhərində Bank Asya birinci liqa təmsilçilərindən "Altay"da məşqçi köməkçisi
vəzifəsini icra etməyə başladım. Lakin sonradan rəhbərliklə, baş məşqçi Ercan
Ertemlə yaranmış problemlərdən sonra işimdən ayrılmaq qərarına gəldim. Belə atmosferdə çalışa
bilməzdim.
Məlumat üçün onu da qeyd edim ki, məni məşqçiliyə gətirən Ercan bəydir. Türkiyəyə yollanandan sonra mənimlə çalışmaq istədiyini bildirdi. Ona görə məşqçi köməkçisi kimi onun yanında işləmək təklifini qəbul etdim.
- Cüneyt bəy, "Bakı" klubu xatirinizdə necə qalıb?
- Azərbaycanda çalışdığım vaxtlarda çox gözəl qarşılanmışdım. "Bakı" klubunun prezidenti Hafiz Məmmədova dərin təşəkkürümü bildirirəm. Yəqin yadınızdadır, mən ötən mövsüm komandaya baş məşqçi təyin olunduğumda klubun vəziyyəti heç də yaxşı deyildi. Lakin bu çətin dönəmdən çıxmağı bacardıq. Komandaya dostluq, birlik gətirdik. Hər kəs bir-birinə çox inanırdı. Bütün toplantılarda "Bakı"nın bu yerə layiq olmadığını söyləyirdik. Bir sözlə, bunların hamısını dostluğun, qardaşlığın nəticəsində əldə etdik. Komandanı ayağa qaldırdıq.
- "Bakı" ilə Azərbaycan Kubokunu qazandınız...
- Kuboku qazandığımız hər matçın hər dəqiqəsi yenə də yadımdadır. O anları unuda bilmirəm. Çünki çox güclü komandalar mübarizə aparırdı. Onları məğlub edib ölkə kubokunu "Bakı"ya qazandırdığım üçün özümü çox xoşbəxt hiss edirəm. Mən bu anları heç vaxt unuda bilmərəm. Bir vacib məqamı da qeyd etmək istərdim ki, Azərbaycanda ilk kubok qazanan xarici məşqçi kimi də tarixədə düşdüm.
- Azərbaycan futbolunun inkişafı barədə nə deyə bilərsiniz?
- Azərbaycan futbolu zaman keçdikcə daha da inkişaf edir. UEFA Avropa Liqasında "Qarabağ"ın əldə etdiyi nailiyyətlər, milli komandanın Türkiyəni Bakıda məğlub etməsi və s. ölkənizdə futbolun inkişaf etməsinin əyani göstəricisidir. İnanıram ki, futbola diqqət və qayğı gələcəkdə də öz parlaq nəticələrini göstərəcək.
- Azərbaycan Premyer Liqasını izləyirsinizmi?
- Azərbaycan futbolu hər zaman diqqət mərkəzimdədir. İstər internet, istərsə də televiziya vasitəsilə oyunları izləməyə çalışıram. Bu il futbol adına çox gözəl liqa keçir. Komandalar artıq çempionluq uğrunda gərgin mübarizə aparırlar. Bu da çempionata marağı artırır.
- Məlumdur ki, Azərbaycan və Türkiyə futbolu arasında fərqlər çoxdur. Maraqlıdır, bunu siz necə xarakterizə edərdiniz?
- Azərbaycan və Türkiyə çempionatlarını müqayisə etmək mənim üçün çox çətin olardı. Hər iki çempionatın da öz xüsusiyyətləri var. İstər burada, istərsə də qardaş ölkədə mübarizə aparmadan oyun qazanmaq çox çətin olur. Ancaq fiziki cəhətdən Türkiyə bir az üstündür. Amma yaxın zamanda Azərbaycan da bu problemi həll edəcək. Çünki ölkənizdə futbol günü-gündən inkişaf edir.
- Yenidən Azərbaycandan təklif gələrsə, qardaş ölkədə çalışarsınız?
- Bilirsiniz ki, "Bakı"da çox böyük bir işi bacardıq. Ötən mövsüm son turda "Xəzər-Lənkəran"ı məğlub etməklə çempionatı ikinci pillədə
tamamladıq. Yəni, çempionluğu bir xalla itirdik. Yenidən Azərbaycana qayıdıb,
hər hansı bir klubla bu uğuru təkrarlamaq istərdim.
İnşallah, yeni mövsümdə təkliflər gələrsə, qardaş ölkəyə qayıdıb böyük məmnuniyyətlə çalışardım. Çünki mən bu dəfə gedəcəyim komandada çempionluq sevinci yaşamaq istəyirəm.
- Bu qədər əminsiniz?
Elgün VİDADİOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə