Pele mükafatlarını hərraca çıxarır

Pele mükafatlarını hərraca çıxarır

Braziliyalı məşhur futbolçu Pele karyerası ərzində qazandığı medal və mükafat kolleksiyasını Londonda keçiriləcək hərracda satmağa hazırlaşır. Məşhur futbolçunun satışa çıxardığı əşyalar və mükafatlar arasında dünya çempionatlarının 3 medalı, futbol çəkmələri, 1000-ci qolunu vurduğu top, həmçinin Jül Rime Kubokunun surəti də var.

1970-ci ildə keçirilən dünya çempionatının kubokunun surəti "Julien's Auctions" kompaniyasının təşkil etdiyi hərracın ən bahalı lotu ola bilər. Onun ilkin qiymətinin 600-800 min dollar təşkil edəcəyi bildirilir.

Satışlardan əldə olunan gəlirin ümumi həcminin 7 milyon dollardan artıq olacağı gözlənilir.

75 yaşlı futbolçu 60 illik karyerası ərzində topladığı mükafatların satışından əldə etdiyi gəlirin bir hissəsini xeyriyyəçiliyə, o cümlədən Braziliyadakı uşaq bağçalarına xərcləyəcəyini deyib.

Qeyd edək ki, Pele FİFA-nın versiyasına görə, XX əsrin ən yaxşı futbolçusu, Beynəlxalq Olimpiya Komitəsinin versiyasına görə isə XX əsrin ən yaxşı idmançısı adına layiq görülüb. O, üç dəfə dünya çempionu olan yeganə futbolçudur.

Bütün xəbərlər Facebook səhifəmizdə