Adil Əliyev: "AKF Azərbaycanın bütün bölgələrində peşəkar yarışlar təşkil edəcək" AÇIQLAMA

Adil Əliyev: "AKF Azərbaycanın bütün bölgələrində peşəkar yarışlar təşkil edəcək" AÇIQLAMA

"Artıq Azərbaycan Kikboksinq Federasiyasının (AKF) təşkil etdiyi turnirlər silsilə halını alıb. Federasiyamız Azərbaycanın bir neçə regionunda peşəkarlar arasında yarışlar təşkil edib. Son yarışımız isə Sumqayıt Şəhər İcra Hakimiyyəti ilə birlikdə, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Sumqayıtda keçirildi". SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyev deyib.

O qeyd edib ki, Sumqayıtdakı yarış AKF-nin il ərzində təşkil etdiyi 4-cü peşəkar turnirdir: "Bundan öncə Ağdam, Göygöl və Naxçıvanda belə yüksək səviyyəli turnirlər təşkil etmişik. Sumqayıtdakı yarışda buranın doğurdan da bir daha gənclər şəhəri olduğunun şahidi olduq. Bu yarışdan hər kəs çox böyük zövq aldı. Belə tədbirlər Azərbaycan idmanının inkişafına təkan verir, ölkəmizdə peşəkar kikboksçuların yetişməsinə böyük köməklik göstərir".

Federasiya prezidenti bildirib ki, Azərbaycan kikboksçuları dünyanın bir çox ölkələrində beynəlxalq səviyyədə uğurlar əldə ediblər: "Tanınmış peşəkar kikboksçularımız dünyada öz sözlərini deyiblər. Onları dünyanın ən mötəbər peşəkar kikboksinq yarışlarına dəvət edirlər. Bu da Azərbaycan idmanın uğurudur. Məqsədimiz Azərbaycanda bütün idman növlərinin inkişafıdır".

A.Əliyev vurğulayıb ki, AKF-nin təşkil etdiyi tədbirlərdə Milli Məclisin Gənclər və idman komitəsinin üzvləri də iştirak edirlər. Onun sözlərinə görə, federasiya bundan sonra da Azərbaycanın bütün bölgələrində peşəkar yarışlar təşkil edəcək.

"Tunirlərdə reytinq döyüşləri də keçirilir. Sonrakı yarışlarda maraqlı döyüşlərin təşkili üçün hər çəkidə ən güclüləri müəyyənləşdirmək lazımdır. Ona görə də reytinq yarışlarının keçirilməsi də vacibdir" - deyə o, əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə