Azərbaycan idmanında daha bir uğur

2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında Azərbaycanın sərbəst güləş yığması tam heyətlə təmsil olunacaq. SIA-nınməlumatına görə, yığma üçün sonuncu lisenziyaya Monqolustanın paytaxtı Ulan-Batorda keçirilən I Dünya Təsnifat Turnirində Mircəlal Həsənzadə yiyələnib. 57 kq çəki dərəcəsində çıxış edən Həsənzadə finaladək irəliləməyi bacarıb. 1/8 final mərhələsindən mübarizəyə başlayan güləşçi əvvəlcə qvatemalalı Etan Tomapanı 55 saniyəyə, ardından moldovalı Aleksandru Çirtoakanı tam üstünlüklə (10:0) yenib. Yarımfinalda hindistanlı Sandip Tomarla görüş 8:8 hesablı heç-heçə ilə nəticələnsə də, hakimlərin qərarı ilə qələbə Həsənzadəyə verilib. Reqlamentə əsasən, qadın güləşi yarışlarında turnirin finalına yüksələn hər bir güləşçi Olimpiadaya vəsiqəni təmin edir. Sərbəst və yunan-Roma güləşi yarışlarında isə finalçılarla yanaşı, bir üçüncü yerin sahibi də Olimpiya vəsiqəsi qazanır. Bu isə final görüşündəki nəticədən asılı olmayaraq, Həsənzadənin "Rio-2016"ya lisenziya qazandığı anlamına gəlir. Qeyd edək ki, bu, Azərbaycanın 44-cü, güləş növlərində isə 13-cü vəsiqədir. Sərbəst güləş üzrə bütün 6 çəkidə olimpiadaya vəsiqə qazanılıbsa, yunan-Roma güləşində 4, qadın güləşində isə 3 vəsiqə əldə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...