Avropa Olimpiya Akademiyalarının ikinci beynəlxalq konfransı öz işinə başlayıb FOTOLAR

Avropa Olimpiya Akademiyalarının ikinci beynəlxalq konfransı öz işinə başlayıb FOTOLAR

"İlk Avropa Oyunları - Milli Olimpiya Akademiyaları üçün yeni çağırışdır" mövzusunda Avropa Olimpiya Akademiyalarının ikinci beynəlxalq konfransı öz işinə başlayıb. SİA-nın məlumatına görə, tədbirin açılışında gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin (MOK) baş katibi Ağacan Abıyev, Beynəlxalq Olimpiya Akademiyasının direktoru Qanqas Dionysios və digərləri iştirak ediblər.

MOK-un baş katibi Ağacan Abıyev çıxış edərək bildirib ki, dünyada iki min ilə yaxındır ki, olimpizm hərəkatı davam edir. Qeyd edib ki, son 20 ildə Azərbaycanda bu istiqamətdə çox böyük nailiyyətlər əldə olunub. Baş katib Avropa Olimpiya Akademiyalarının birinci beynəlxalq konfransının Almaniyada keçirildiyini nəzərə çatdırıb.

"Olimpizm hərəkatının məqsədi gəncləri idmana cəlb etmək, sağlam həyat tərzinə yönəltməkdir. Azərbaycan da bu istiqamətdə dünyanın olimpizm hərəkatına öz töhfələrini verib. İlk Avropa Oyunlarının Azərbaycanda uğurla keçirilməsi ölkəmizin olimpizm hərəkatına böyük dəstəyinin bariz nümunəsidir" - deyə, A. Abıyev əlavə edib.

Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov Azərbaycanda olimpizm hərəkatına dövlət səviyyəsində dəstək verildiyini bildirərək, ölkəmizdə bu hərəkatın əsasının Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulduğunu vurğulayıb. O, Prezident İlham Əliyev tərəfindən bu istiqamətdə uğurlu siyasət həyata keçirildiyini qeyd edib.

Nazir müavini Azərbaycanın bütün bölgələrində 50-dən artıq olimpiya komplekslərinin fəaliyyət göstərdiyini bildirib.

İ. İsmayılov Beynəlxalq Olimpiya Komitəsinin Azərbaycana böyük etimad göstərdiyini qeyd edib, ilk Avropa Oyunlarının ölkəmizdə möhtəşəm şəkildə təşkil olunmasından söz açıb.

Beynəlxalq Olimpiya Akademiyasının direktoru Qanqas Dionysios artıq yeddinci dəfədir Azərbaycanda olduğunu, bura gəlməkdən məmnunluğunu qeyd edib. Direktor tədbirin əhəmiyyətindən danışıb. O, Avropanın olimpiya hərəkatındakı rolundan bəhs edib. Bildirib ki, Olimpizm hərəkatında milli olimpiya komitələri mühüm əhəmiyyətə malikdir. Q. Dionysios olimpiya akademiyalarının opimpizmin aparıcı qüvvəsinə çevriləcəyini deyib.

Daha sonra Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbələri musiqi nömrələri ilə çıxışlar ediblər.

Qeyd edək ki, Almaniya, Estoniya, Ukrayna, Bolqarıstan, Türkiyə, Rumıniya, Çexiya və ümumilikdə 20-yə yaxın ölkənin idman akademiyalarının rektor, professor və direktorlarının qatıldığı konfrans üç gün davam edəcək.

Tədbirin keçirilməsində əsas məqsəd ictimaiyyətdə Olimpiya ideyalarını təbliğ etmək, bu ideyaların insanların inkişafındakı rolunu bir daha diqqətə çatdırmaq və olimpiya hərəkatının dünyaya sülh və əminamanlıq gətirdiyini vurğulamaqdır.

Konfrans zamanı "Müasir dünyada Olimpiya idmanı", "Şagirdlərin Olimpiya təhsili - idmanla məşğul olmaq üçün mühüm motivasiyadır", "Azərbaycan və Beynəlxalq Olimpiya Akademiyaları arasında əlaqələrin möhkəmləndirilməsi" mövzusunda müzakirələr aparılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə