“Kəpəz” “Rəvan”a qalib gəlib

“Kəpəz” “Rəvan”a qalib gəlib

Oktyabrın 16-da futbol üzrə Topaz Premyer Liqasının səkkizinci turuna "Rəvan" (Bakı) – "Kəpəz" (Gəncə) oyunu ilə start verilib. "Bayıl Arena"da keçirilən görüş Gəncə təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Cari mövsümdə qələbə qazana bilməyən baş məşqçi Emin Quliyevin yetirmələri isə uğursuzluq seriyasını bu oyunda da davam etdirib.

Baş hakim Orxan Məmmədovun idarə etdiyi oyunun ilk hissəsində hesab açılmayıb. Qarşılaşmanın 48-ci və 52-ci dəqiqələrində müvafiq olaraq Julien Ebah və Junior Osvaldo rəqib qapısına yol taparaq "Kəpəz"in qələbəsini rəsmiləşdiriblər. Bakı təmsilçisinin futbolçusu Kənan Manafov matçın 59-cu dəqiqəsində kobud oyuna görə ikinci sarı vərəqə alaraq komandasını azlıqda qoyub. Oyunun 87-ci və 90-cı dəqiqələrində "Rəvan"ın daha iki futbolçusu - Novruz Məmmədov və Orxan Lalayev də qırmızı vərəqə ilə cəzalandırılıblar.

Qalan dəqiqələrdə qapılara qol vurulmayıb.

Bu qələbədən sonra hesabında 11 xal olan "Kəpəz" turnir cədvəlində beşinci sıraya yüksəlib. "Rəvan" komandası isə 2 xalla sonuncu – 10-cu pillədə qərarlaşıb.

Oktyabrın 17-də İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda "Neftçi" komandası "Qəbələ" ilə qarşılaşacaq. Həmin gün Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda isə zədə səbəbindən heyətdə bir neçə futbolçusunu itirən Ağdamın "Qarabağ" komandası "Zirə" klubu ilə üz-üzə gələcək.

Bir gün sonra isə iki qarşılaşma olacaq. "Xəzər Lənkəran" doğma meydanda AZAL klubunu, "Kapital Bank Arena"da isə "Sumqayıt" komandası "İnter"i qəbul edəcək.

Hazırda "Qarabağ" 17 xalla çempionatın vahid lideridir. "Qəbələ" klubu 16 xalla ikinci, "Zirə" komandası isə 15 xalla üçüncü pillədə qərarlaşıb.

Çempionatda bombardirlər siyahısına 4 qolla "Qəbələ"nin hücumçusu Aleksey Qay başçılıq edir.

Bütün xəbərlər Facebook səhifəmizdə