Topaz Premyer Liqasının VI turunda heç-heçə edən "Qarabağ"la "Neftçi" ölkə çempionatları tarixində 24-cü dəfə sülh bağlayıblar. Peşəkar Futbol Liqasının mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Azərbaycan birinciliklərində ən çox sülh qeyd alınan cüt 61 dəfə üz-üzə gəlib. Heç-heçə sayında ikinci "Qarabağ" - "Bakı" cütüdür. Bu rəqiblərin 50 qarşılaşmasından 16-da bərabərlik qeydə alınıb. 3 cütdə isə 15 sülh gerçəkləşib. "Xəzər Lənkəran" "İnter"lə 33, "Neftçi" ilə 34 görüşdən 15-də 1 xal əldə edib. Növbəti turda üz-üzə gələcək "İnter"lə "Qarabağ"ın əvvəlki 43 matçında da eyni sayda heç-heçəyə təsadüf olunub.
"Qarabağ"ın "Neftçi" ilə oyunu, həm də Ağdam təmsilçisinin uzun fasilədən sonra ev oyununu Suraxanı qəsəbə stadionunda keçirməsi ilə əlamətdar olub. Sözügedən klub bu arenada son çempionat qarşılaşmasını 1470 gün əvvəl keçirib. 2011/12 mövsümünün I dövrəsində, 2011-ci il sentyabrın 17-də Ağdam təmsilçisi burada "Xəzər Lənkəran"ı qəbul edib və 0:1 hesabı ilə uduzmuşdu. Bu müddətdə Premyer Liqada 63 ev oyunu keçirən "Qarabağ" rəqiblərini 6 müxtəlif stadionda qəbul edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB