Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası (FAİREX) "Azərbaycanın dağ bəbiri" fəxri adının verilməsi üçün ölkəmizin ən yüksək dağ zirvələrinə - Bazardüzü (4466 metr), Şahdağ (4243 metr), Tufandağ (4191 metr), Bazaryurd (4126 metr), Yarıdağ (4116 metr), Çarun (4089 metr), Çingiz Mustafayev (4062 metr), İlham (4042 metr) və Raqdana (4020 metr) qış yürüşlərinə qeydiyyatın başlamasını elan edib. SİA-nın məlumatına görə, ən azı 4 min metr zirvəyə uğurla dırmanmış şəxslərə "Azərbaycanın dağ bəbiri" adı veriləcək.
Gənclər və İdman Nazirliyi tərəfindən təsdiq edilmiş "Azərbaycanın dağ bəbiri adının verilməsi haqqında" Əsasnamənin tələblərinə uyğun olaraq federasiya tərəfindən keçiriləcək yürüşlərdə fəxri adın verilməsi uğrunda fiziki sağlamlığı imkan verən və müvafiq hazırlığa malik olan Azərbaycan və xarici ölkə vətəndaşları iştirak edə bilərlər.
Gələn ilin fevral-iyun aylarında həyata keçirilməsi planlaşdırılan "Azərbaycanın dağ bəbiri" adı uğrunda yürüşlərə qatılmaq arzusunda olan şəxslərdən bu il oktyabrın 10-dək yürüşlərin təşkili və keçirilməsi məqsədilə yaradılmış Təşkilat Komitəsinə müraciət etmələri xahiş olunur.
Ünvan: Bakı şəhəri, Nobel prospekti 61, telefon: (+99412) 424-29-81.
FAİREX tərəfindən bütün zirvələrə uğurla yürüş edən dağçılara "Azərbaycanın dağ bəbiri" adı və döş nişanı təqdim olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB